Ukraynanın erməni naziri Azərbaycanın qlobal layihəsi barədə nələr dedi?
23.05.2016 16:17 Ecoreaksiya 1525
Ötən həftə "Azərbaycan Dəmir Yolları" QSC təsdiq etdi ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu Gürcüstandan da keçəcək. Sazişi Azərbaycan tərəfdən "Azərbaycan Dəmir Yolları" QSC-nin başçısı Cavid Qurbanov imzalayıb.
Layihəyə bir müddət öncə rəsmən Ukrayna da qoşulub.
Reaksiya.info bildirir ki, Transxəzər marşrutunun bu ölkə üçün perspektivləri və Azərbaycan-Ukrayna münasibətlərinin inkişafı barədə Ukraynanın infrastruktur naziri Vladimir Omelyan virtualaz.org-a eksklüziv müsahibəsində danışıb.
Onun sözlərinə görə, indiki qloballaşma dövründə Çindən Rusiyadan yan keçməklə Qərbi Avropa ölkələrinə yeni İpək Yolu bir çox ölkələri maraqlandıra bilər. "Transxəzər layihəsi Çinlə Avropanı Qazaxıstandan, Azərbaycandan, Gürcüstandan və Ukraynadan keçməklə birləşdirməlidir", - Omelyan deyib.
Tbilisidə ötən həftə imzalanmış protokola əsasən, Ukraynanın Volın vilayətindən ÇXR-in sərhədinə (Dostık) qədər 40 futluq konteynerlərin daşınmasının kompleks dəyəri 5559 dollardan 3980 dollara qədər endirilib.
"Düşünürəm ki. bu, bazar iştirakçıları üçün yaxşı fürsətdir. İndi bu layihəyə Moldovanın da qoşulması nəzərdən keçirilir", - nazir bildirib.
Onun sözlərinə görə, yeni nəqliyyat dəhlizinin potensialı ildə 1 milyon tondur. Vladimir Omelyan həmçinin əlavə edib ki, gələcəkdə bu layihəyə Avropa ölkələrinin qoşulmasını da istisna etmək olmaz: "Ukrayna bu gün Polşa, Slovakiya, Macarıstan və Avstriya kimi ölkələrlə onların Transxəzər marşrutuna qoşulma şərtlərini analiz etmək məqsədilə danışıqlar aparır".
Şərhlər