"Hesab olunurdu ki, bizim gəlirlər azalacaq, amma..."
28.05.2016 16:24 Ecoreaksiya 1342
Prezident hələ ki, iqtisadi inkişafdan söhbət getmədiyini deyib.
"2016-cı il sabitləşmə ili olmalıdır. Düzdür, hələ ki iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq".
ANS PRESS-in məlumatına görə, bunu “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, nailiyyətlərə çatmaq üçün güclü iqtisadiyyat olmalıdır. Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. "İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir, gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük".
Onun sözlərinə görə, əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, maaşlar, pensiyalar 10 faiz artırılıb. "Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Bizim kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq.
Bu ilin əvvəlində hesab olunurdu ki, bizim Neft Fondunun gəlirləri, yəni vəsaiti azalacaq, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. O resurslar ki, onlardan səmərəli istifadə olunmurdu, indi onlardan səmərəli istifadə olunur, bütün maliyyə sisteminə şəffaflıq gətirilib. Ancaq hələ ki, görüləsi işlər çoxdur.
Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaq, onda biz müstəqil siyasət apara bilməyəcəyik. Ona görə bütün səylərimizi indi bu istiqamətə yönəltmişik. Həm cəmiyyətdə, həm ekspert səviyyəsində ciddi diskussiyalar gedir. Mən bunu alqışlayıram. Mən ekspertlərlə dəfələrlə görüşmüşəm və yeni fikirlər, yeni təkliflər ortaya çıxır. Biz bütün bunları təhlil edirik və ən düzgün variantı seçirik".
Prezident neft amilindən asılılığın aradan götürülməli olduğunu, bu hədəfə çatmaq üçün isə hələ bir neçə il lazım olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, ilin sonuna qədər “Cənub” qaz dəhlizinin icrası ilə bağlı bütün lazımi tədbirlər görülməlidir. Heç bir yubanma olmamalıdır. O qeyd edib ki, Azərbayacan xarici bazarlardan maliyyə resursları cəlb edib. "Heç bir həftə keçmədi. Azərbaycan “Cənub” qaz dəhlizinə dünya bazarlarından 1 milyard dollar vəsait cəlb edib. Bu, nəyi göstərir? Onu göstərir ki, xarici investorların bizə inamı kifayət qədər böyükdür, 2 milyard istəsəydik, 2 milyardı da götürəcəydik. Ancaq “Cənub” qaz dəhlizi strateji layihədir. Bu, imkan verəcək ki, uzun illər, on illiklər bundan sonra biz böyük həcmdə əlavə gəlirlər əldə edək və bu, yeni bir əməkdaşlıq formatıdır".
İ.Əliyev bu ilin sonuna qədər Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsinin gözləndiyini deyib. Bu ilin sonuna qədər digər önəmli dəhlizin yaradılması istiqamətində vacib addımlar atılacaq. Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər çatdırmalıdır. Astara çayı üzərində yeni dəmir yolu körpüsü tikilməlidir. Beləliklə, Şimal-Cənub dəhlizinin önəmli hissəsi həll edilmiş olur.
Şərhlər