“Hesabat”ın qonağı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev olub
06.06.2016 17:42 Ecoreaksiya 1541
5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb.
"Yaşıl dəhliz"in yaradılması ilə gömrük sahəsində rüşvət kimi neqativ halların birmənalı şəkildə aradan qaldırıldığını deyə bilərik".
Bu sözləri “ANS TV-nin “Hesabat” verilişində Mir Şahinə müsahibəsindəDövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.
Yaşıl dəhlizin tətbiqinin yükdaşımalara aid edildiyini söyləyən komitə sədri bunun sənədlər təqdim olunarkən gömrük baxışı nəzarəti həyata keçirilmədən yüklərin təyinatı üzrə çatdırılmasından ibarət olduğunu söyləyib.
Daha sonra komitə sədri Qırmızı Körpü sərhəd keçid məntəqəsində yaranan problemlərdən, vətəndaşların gətirdikləri malların gömrük işçiləri tərəfindən ölkəyə buraxılmaması ilə bağlı iddialara da aydınlıq gətirib.
Fiziki şəxslər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydaların olduğunu xatırladan komitə sədri həmin qaydalara əsasən, hər bir fiziki şəxsin öz istifadəsi, öz tələbatı üçün məhsul keçirə biləcəyini vurğulayıb. Aydın Əliyev bu qaydalara məhəl qoymayaraq qanunsuz yolla ölkəyə tütün məhsulları və spirtli içkilər keçirməyə çalışan bəzi işbazların qarşısının alındığını diqqətə çatdırıb.
“Dəfələrlə sərhəd keçid məntəqələrində gömrük orqanı əməkdaşlarına hücum ediblər, onlara xəsarətlər yetirilib, məntəqələrin pəncərələri sındırılıb. Həmin şəxslər haqqında hüquq-mühafizə orqanları tədbir görür. Onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar”, - deyə komitə sədri vurğulayıb.
Müsahibə zamanı avtomobillə ölkəmizə gələn insanların depozitlə bağlı problemlərinə də toxunulub. Aydın Əliyev bu problemin aradan qalxmaq üzrə olduğunu, depozitin tətbiqinə başlanıldığını bildirib.
Daha sonra gömrük əməkdaşı və vətəndaş təmasının aradan qaldırılması sahəsində aparılan islahatlardan danışan komitə sədri müəyyən neqativ halların olduğunu və bunlarla daim mübarizə aparıldığnı söyləyib.
“Gömrük sistemində son illər ərzində intizam qaydalarına cəlb olunma statistikasına görə, 5 ay ərzində 100-dən çox gömrük əməkdaşı cəzalandırılıb", - deyə Aydın Əliyev qeyd edib.
Şərhlər