Prezidentdən oliqarxlara xəbərdarlıq

13.07.2016 10:41     Ecoreaksiya     1158

Dövlət başçısı kənd təsərrüfatı təyinatlı torpaqların hasarlanmasından və istifadəsiz qalmasından narazıdır

Oliqarxlara məxsus olan və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq. Bu barədə prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında deyib. 
 
Ölkə başçısı kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin zəruriliyini vurğulayaraq, bəzi hallarda bu torpaqların hasarlandığını, istifadəsiz qaldığını bildirib. Prezidentin sözlərinə görə, söhbət minlərlə hektarlıq torpaq sahələrindən gedir: “Mən tapşırmışdım, artıq həmin torpaqlarla bağlı arayış hazırlayıb mənə təqdim ediblər. Bəzi hallarda həmin torpaqlar yüksək vəzifəli məmurlara məxsusdur, adlar var. Yaxın vaxtlarda bu məsələ ilə bağlı tədbirlər görüləcək və istifadəsiz saxlanılan torpaqlar zəbt olunacaq, kənd təsərrüfatı məqsədi ilə istifadəyə yönəldiləcək. Çünki ölkədə istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlar qalmamalıdır”.
 
Ölkə başçısının da bildirdiyi kimi hazırda bu məsələ hökumətin gündəliyindədir və müvafiq nazirliklərdə, Kənd təsərrüfatı Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsində bu istiqamətdə işlər aparılır.
 
Kənd təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələ hazırda nazirliyin gündəmindədir və elə bu qurumun təklifi ilə bir müddət öncə torpaqdan istifadənin səmərəliliyinin artırılması ilə bağlı qanunlar sərtləşdirilib: “İstər Cinayət Məcəlləsində, istərsə də İnzibati Xətalar Məcəlləsində dəyişikliklər olub. Belə ki, torpaqlardan istifadə və icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə, təyinatını dəyişdirmə və ya həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma hallarına yol verdikdə Cinayət Məcəlləsinə əsasən 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu məsələlər kənd təsərrüfatı təyinatlı torpaqlarla törədildikdə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Şəxs tərəfindən öz vəzifə mövqelərindən istifadə etməklə törədildikdə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
 
M.Hacıyevin sözlərinə görə, tərəfdən torpaqlardan səmərəli istifadə olunması ilə əlaqədar  İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər olub: “Torpaq sahəsindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadə edildikdə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər isə 600 manat miqdarında, hüquqi şəxslər isə 3 min manat miqdarında  cərimə edilir. Bu məsələlər kənd təsərrüfatı təyinatlı torpaqlarla törədildikdə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər isə 1000 manat miqdarında, hüquqi şəxslər isə 5 min manat miqdarında  cərimə edilir.
 
Digər tərəfdən, Vergi Məcəlləsində edilən dəyişikliyə görə,  kənd təsərrüfatı təyinatlı torpaqları istifadə edilmədikdə, onun 10 hər kvadratmetri üçün 1 manat müəyyən edilib".
Nazirlik sözçüsü onu da qeyd etdi ki, yeni torpaqların əkinə cəlb olunması, torpaqlardan səmərəli istifadə olunması ilə bağlı da Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən addımlar atılıb: “Belə ki,  dövlət fondunun boş torpaq sahələrinin kateqoriyası  dəyişdirilib, onların əkin dövriyyəsində cəlb olunması ilə bağlı müəyyən işlər görülüb. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yerli icra hakimiyyəti orqanlarına torpaqların ümumiləşdirilməsi ilə bağlı müraciətlər ünvanlanıb. Heyvandarlığın inkişafına xələl gətirməmək şərti ilə istər boş torpaq sahələrinin, istərsə də örüş sahələrinin təyinatının dəyişdirərək əkinə cəlb olunması ilə bağlı iş aparılır. Bələdiyyələrin ehtiyat fondundakı torpaqların da istifadə vəziyyəti da dəyərləndirilir. Onların da müəyyən  qaydada əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı addımlar atılır.
 
Bildiyiniz kimi, nazirliyin tabeliyində dövlət fond torpaqları da var, orada da dövlət kənd təsərrüfatı istehsal müəssisələrinin tikilməsi nəzərdə tutulur. Bununla bağlı artıq monitorinqlər yekunlaşıb. Zəbt olunan torpaqlar balansa qaytarılır. Digər tərəfdən, zəbt olunmuş torpaqların qaytarılması ilə bağlı inzibati orqanlar qarşısında məsələ qaldırılıb".
 

Şərhlər

Çox oxunanlar