Ötən ay qiymətlər 12 faiz artıb

19.09.2016 18:48     Ecoreaksiya     1228

Sentyabrda isə ölkədə bahalaşma pik həddə çatıb

Bizimyol.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-avqust aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2015-ci ilin eyni dövrünə nisbətən 10,8%, o cümlədən ərzaq məhsulları 12,2%, qeyri-ərzaq məhsulları 15,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 4,9% bahalaşıb. Bu ilin avqust ayında iyul ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,5%, o cümlədən ərzaq məhsulları 0,6%, qeyri-ərzaq məhsulları 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,4% bahalaşıb. Ay ərzində düyü, un, çörək, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, limon, kələm, kök, göy lobya, çuğundur, sarımsaq, göyərti, tütün məmulatlarının qiymətlərində bahalaşma, balıq məhsulları, alma, armud, banan, gavalı, şaftalı, üzüm, pomidor, xiyar, badımcan, bibər, soğan, kartofun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

 
Avqust ayında iyul ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, zərgərlik məmulatları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, televizor, telefon və fotoaparatlar, dəftərxana ləvazimatları, minik avtomobilləri və onlar üçün ehtiyat hissələrinin qiymətlərində bahalaşma müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
 
Ay ərzində əhaliyə göstərilən ödənişli xidmətlərdən ali təhsil müəssisələrində təhsil haqqı, hava və dəmiryolu nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətləri, respublikadan kənara istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik olmayıb. Komitə bahalaşan məhsulların konkret qiymət müqayisəsini verməyib, sadəcə ümumi təhlilin nəticəsini təqdim edib. Halbuki, çox tələbat olan məhsulların qiyməti daha çox artıb, tələbat az olanlarda isə artım o qədər də müşahidə olunmayıb. Qiymət artımında orta rəqəm götürüldüyündən, bu, bir sıra məhsulların hansı səviyyədə bahalaşdığını aydın görməyə imkan vermir. Adətən komitənin ictimailəşdirdiyi rəqəmlər reallığı tam əks etdirmir, onlar bizim müşahidələrimizdən fərqli və xeyli dərəcədə aşağı göstərilir.     
 
Qeyd edək ki, sentyabrda bahalaşma pik həddə çatıb. Bu, artıq komitənin deyil, bizim məlumatımızdır. Müşahidələrə görə, dolların bahalaşması ilə təkcə idxal məhsulları deyil, yerli məhsullarda da eyni vaxtda qiymət artımı baş verib. Misal üçün, “Azersun Holdinq”-in məhsulu olan şəkərin qiyməti keçən il bu vaxtlar 78 qəpik idisə, hazırda 1.20 manatdan aşağı deyil. Bu isə 50%-dən çox artım deməkdir. Qəndin qiyməti də onun kimi. Yumurtanın qiymətində də birdən-birə 50% bahalaşma baş verdi. Sonradan bir qədər endi, hazırda 15-17 qəpik arasında olub. Duru yağların qiyməti də artımdadır. Kərə yağı, toyuq, mal, qoyun əti, meyvə və çərəzlər və s. də bahalaşıb. Ümumiyyətlə, sentyabr ayında əksər ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə qalxıb. Komitənin avqust ayı üçün qiymətlərində ucuzlaşma dediyi məhsulların qiyməti ceyranın belindədir. Misal üçün, bananın qiyməti 1.65-2 manata qədər düşmüşdü, hazırda yenə 2.85-3 manat arasındadır. Digər sitrus və yerli meyvələr də onun kimi.  
 
 

Şərhlər

Çox oxunanlar