Pullarınızı yastıq altında saxlamayın – İqtisadçıdan MƏSLƏHƏT
28.09.2016 12:54 Ecoreaksiya 1316
Manatın 2015-ci il ərzində 2 dəfə devalvasiyaya uğraması, prosesin yumşaq şəkildə hələ də davam etməsi Azərbaycanın bank sistemini iflic edib. Məhz bu səbəbdəndir ki, banklar bağlanır, yaxud kiçik banklar daha böyük banklarla konsolidasiya edilir. Bu isə əhalinin banklara olan inamını sıfıra endirir.
Vətəndaş əlində olan müəyyən məbləğdə vəsaiti banka etibar etmir. Çünki, banka etibar edilən əmanət, istənilən vaxt geri çəkilə bilmir. Hazırki durumda bankların likvidliyinin aşağı olması əmanətçinin bütün müraciətlərini müsbət cavablandırmağa imkan vermir. Bu zaman vətəndaşın əlindəki pulu yastıq altında saxlamaqdan başqa çıxış yolu qalmır...
İqtisadçı Qubad İbadoğlu Modern.az-a deyib ki, iqtisadiyyatın tənəzzül dövrü yaşadığı bir dövrdə məsləhət vermək çətindir:
“İndiki dövrdə iqtisadiyyat çox həssas dövrə qədəm qoyub, tənəzzül var. Banklar etibarını itirib. Ona görə də, hansısa məsləhət vermək çox çətindir.
Ölkədə biznesin olduğu bir dövrdə ora sərmayə qoymağa dəyər. Təəssüflər olsun ki, Azərbaycanda kiçik və orta sahibkarlıq üçün lazım olan səviyyədə biznes mühiti formalaşmayıb.
İndiki halda vəsaitlərin banklardan geri çəkilmə prosesi müşahidə olunur. Mən də düşünürəm ki, bu, həm ölkə iqtisadiyyatına, həm də fərdi şəkildə ailə büdcələrinə ziyan vurur”.
Ekspert insanların əlində cəmlənən vəsaiti yastıq altına qoymasını anormal sayıb:
“Bunu məqbul saymaq olmaz. Belə olan halda həmin vəsaitdən nə ölkə iqtisadiyyatına, nə də sahibinin özünə bir fayda var.
Vəsaitlər sərmayə olmalıdır. Amma ölkənin daxili səhmdarları inkişaf etməyib. Xarici ölkələrin səhmlərinə bu vəsaiti qoymaq isə xaricə investisiya qoymaq deməkdir.
Ən yaxşı çıxış yolu vəsaitin biznesə yatırılması, az da olsa yeni iş yerlərinin açılmasıdır. Bundan həm iqtisadiyyat, həm də ayrı-ayrı vətəndaşlar qazanar”.
Şərhlər