Yağışdan "ağ qızıl"a böyük zərbə
29.09.2016 20:46 Ecoreaksiya 1377
Son günlər ölkə ərazisində müşahidə edilən yağışlı hava pambıq yığımını çətinləşdirib və yığım əvvəlki günlərə nisbətən azalıb.
Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, bu günə qədər 8618 ton xam pambıq istehsal olunub. Tədarük məntəqələri emal müəssisələrinə təhvil verilib: “Ötən gün 163 ton pambıq yığılıb. Yağışdan əvvəlki günlər 200-300 tona qədər məhsul istehsal olunurdu. Bəzi rayonlarda yağış yağdığına görə dünən yığım dayandırıldı. Çünki yağışlı havada pambıq yığımı çətinləşir və bu, məhsulun keyfiyyətinə birbaşa təsir edir. Bu gün hava şəraiti əlverişli olduğuna görə yığım aparılır”.
İ.Cümşüdov onu da əlavə edib ki, kənd təsərrüfatı birbaşa təbiət hadisələrindən asılı olduğundan belə hallar olur: “Lakin buna baxmayaraq biz işlərimiz elə qurmağa çalışırıq ki, mövcud vəziyyətdən səmərəli çıxış yolunu tapaq. Çalışırıq ki,vaxtdan istifadə edib, itkisiz olaraq yığımı başa çatdıraq. Kənd Təsərrüfatı Nazirliyində tədbirlər planı hazırlanıb. Kombaynların gətirilməsi həyata keçirilib. Bu günə olan məlumata görə, ölkəyə 30-a qədər kombayn gətirilib. Bu proses davam etdirilir”.
İ.Cümşüdovun sözlərinə görə, yağışlı hava pambıq yığımında çətinliklər yaratsa da, digər bitkilər üçün əlverişli hesab olunur: “Payızda yağan yağış şum prosesinin normal aparılmasına kömək edir. Torpaq yumşalır, nəmlik ehtiyatı artır. Növbəti bitki əkiləndə nəmlik hesabına yaxşı məhsul istehsalının əsası qoyulmuş olur. Yağışın pambıqdan başqa bütün təsərrüfata xeyri var”.
Şərhlər