Azərbaycan OPEC-in bu gün keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək

12.10.2016 14:10     Ecoreaksiya     1215

Azərbaycanın energetika naziri Natiq Əliyev Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin bu gün İstanbulda keçiriləcək qeyri-rəsmi görüşündə iştirak etməyəcək. “Report”un əldə etdiyi məlumata görə, oktyabrın 9-13-də Türkiyədə keçirilən XXIII Dünya Energetika Konqresinə qatılan nazir artıq Azərbaycana qayıdıb.

“Bloomberg”in yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid bin Əbdüləziz əl Fəlih də üzv ölkələrin arasında razılığın əldə edilməməsi səbəbindən vətənə qayıdıb.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, N.Əliyev Azərbaycana səfəri planlaşdırılan və sonradan təxirə salınan Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşılamaq üçün geri dönüb: “Nazir Natiq Əliyev Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının həmsədri olduğu üçün Qazaxıstan Prezidentinin qarşılanma mərasimində iştirak etməli idi. Digər tərəfdən bu görüş məlumat xarakterli olduğundan və Azərbaycanın mövqeyinin ölkə başçısı səviyyəsində çatdırıldığı üçün nazirin İstanbulda qalıb görüşdə iştirak etməsi məqbul hesab edilməyib”.

Qeyd edək ki, OPEC-in nazirlər toplantısı XXIII Dünya Enerji Konqresi çərçivəsində baş tutmalıdır.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar