Beynəlxalq Sığorta Şirkəti niyə bağlandı?

15.10.2016 10:59     Ecoreaksiya     1509

Ekspertlər başlıca səbəb kimi Beynəlxalq Bankın sistemli problemlərini göstərirlər... 

 

Azərbaycan Beynəlxalq Sığorta Şirkəti fəaliyyətini dayandırır. Bu barədə şirkətin təsisçisi və 100 faiz səhmdarı olan Beynəlxalq Bankdan məlumat verilib. Sığorta şirkətinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar iki gün əvvəl səhmdarların növbədənkənar iclasında qəbul edilib.
 
Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında bildirib ki, şirkətin bağlanmasına səbəb onun maliyyə göstəricilərinin aşağı olmasıdır. Qeyd edək ki, Azərbaycan Beynəlxalq sığorta şirkəti 32 növ üzrə sığorta xidməti göstərirdi. (Trend)
 
Elmir Həbibullayev bildirib ki, səbəb biznesin optimallaşdırılmasıdır: “Biz biznesimizi optimallaşdırmağa çalışırıq. ”Beynəlxalq Sığorta Şirkəti"nin maliyyə göstəriciləri bizi qane etmədiyi üçün biz bu cür qərar qəbul etdik".
 
Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Beynəlxalq Sığorta Şirkətinin fəaliyyətinin dayandırılmasının başlıca səbəbi Beynəlxalq Bankın sistemli problemləri ilə bağlıdır:“Beynəlxalq  Bankın ”qüdrətli" dövründə Beynəlxalq Sığorta Şirkəti fəaliyyətini, o cümlədən risk-menecment, marketing, brending və bazarın seqmentəşdirilməsi siyasətini daha çox sığorta bazarının tələblərinə uyğun deyil, inzibati qaydalar əsasında qurmuşdu. Yekunda Beynəlxalq Bankın “qüdrətinin” bitməsi Beynəlxalq  Sığorta Şirkətinin də inzibati resurslardan məhrum olması və  bazarda lazımsız quruma çevrilməsi ilə nəticələndi. Bu, bir daha  bazar iqtisadiyyatı şəraitində menecmentin inzibati resurslar əsasında formalaşdırılmasının nə dərəcədə zərərli olmasını  sübut etdi".
 
Ekspertin sözlərinə görə, şirkətin faktiki olaraq bağlanmasının sığorta bazarına ciddi mənfi təsirini gözləməyə dəyməz: “Çünki  ölkədə bank sektorunda olduğu kimi, sığorta sistemində də  iştirakçı şirkətlərin sayı bazarın tələbatından xeyli dərəcədə  çoxdur. Diğər tərəfdən, sığorta sistemində risklər ənənəvi olaraq  bank sektoru ilə müqayisəedilməz səviyyədə olur. Fikrimcə, ölkə iqtisadiyyatının inkişaf perspektivləri baxımından bu qərarla bağlı əsas sual və təhlil mövzusu Beynəlxalq Bankla bağlı problemlərin  hansı səviyyədə olmasındadır. Dövlət rəsmilərinin bəyanatlarından və bankda həyata keçirilən son idarəetmə qərarlarından belə nəticəyə gəlmək olar ki, bu bankın kiçilməsi məsələsi gündəmdədir. Çünki menecmentindəki ciddi problemlər  səbəbindən bu bank fəaliyyətini dövlətin real  ifadədə de-fakto subsidiyaları hesabına həyata keçirir. Dövlətin  banka maliyyə dəstəyi olmasaydı, bu bank çoxdan müflis olmuşdu. Fikrimcə, bankın problemlərinin dərinliyi və bəlkə də dünya təcrübəsində nonsens təşkil etməsi aidiyyəti dövlət  strukturları tərəfindən çıxış yollarının axtarılması ilə bağlı konseptual yanaşmanın müəyyən edilməsi ilə bağlı çətinliklərin olmasının əsas səbəblərindəndir. Lakin məsələnin iqtisadi-təşkilati tərəfi ondan ibarətdir ki, Beynəlxalq Bank kimi sistemformalaşdıran qurumun zərərli aktivlərinin kritik həddi  belə keçməsi qətiyyətli addımların atılmasını zəruri edir. Düşünürəm ki, hazırda dövlət strukturları tərəfindən bankın kiçildilməsi və zərərli aktivlərinin azaldılması ilə bağlı ğördüyü tədbirlər düzgün istiqamətdə atılmış addımlar kimi qiymətləndirilə bilər. Bununla yanaşı, hesab edirəm ki, Beynəlxalq Bankın zərərli aktivlərinin və öhdəliklərinin səviyyəsinin son dərəcədə çox olması səbəbindən bu bankda  optimallaşma və restrukturizasiya ilə bağlı tədbirlər davam edəcək”.
 
İqtisadçı alim Fikrət Yusifov isə musavat.com-a qeyd edib ki, Beynəlxalq Sığorta Şirkətinin səhmlərinin 100 faizi Beynəlxalq Banka məxsusdur və onun bağlanmasına dair qərarı da səhmlərin sahibi kimi o qəbul edib:“Əldə etdiyimiz məlumata görə, şirkətin bağlanmasının əsas səbəbi onun maliyyə durumunun qənaətbəxş olmamasıdır. Hazırda Beynəlxalq Bankın yeni rəhbərliyi bankın sağlamlaşdırılması istiqamətində bir çox addımlar atır. Bu tədbirlər tək bankın verdiyi problemli kreditlərlə bağlı deyil. Burada söhbət bütövlükdə bankın fəaliyyətinin sağlamlaşdırılmasından gedir. Bu addım da həmin sıradan olan addımlardan biri kimi dəyərləndirilməlidir. Sığorta şirkətinin bağlanması ilə bağlı onun müştərilər qarşısındakı öhdəliklərinin də müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll ediləcəyi şübhəsizdir”.
 
 

Şərhlər

Çox oxunanlar