Prezidentdən sahibkarlara daha bir dəstək
23.10.2016 16:28 Ecoreaksiya 1388
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 318-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Sərəncamı şərh edib.
Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının bütün sferaları üzrə həyata keçirilən islahatların səmərəliliyinin, biznes mühitinin həm yerli, həm də xarici sahibkarlar üçün əlverişliliyinin təmin edilməsi məqsədilə vergi sistemində də dövrün tələbinə uyğun bir sıra zəruri dəyişikliklər həyata keçirilib.
Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsi ölkədə biznes mühitinin əlverişliliyi, optimal vergi dərəcələrinin tətbiqi, tranzit yük daşınma sahəsində bəzi yeniliklər baxımından da faydalı olacaq. Dəyişiklik həm avtomobil, həm də gəmi ilə tranzit yükdaşımalarının, həcminin sahibkarlar üçün gəlirlərin atması deməkdir.
Qanunda nəzərdə tutulan dəyişikliklərin həyata keçirilməsini sürətləndirmək və effektivliyi təmin etmək üçün Prezident Nazirlər Kabinetinə 3 ay vaxt verib. Bu müddət ərzində Nazirlər Kabineti aktların yeni vergi Qanununa uyğunlaşdırılması barədə təkliflərini dövlət başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılması barədə Prezidentə məlumat verməlidir. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Qanuna uyğunlaşdırılmasının beş ay müddətində həyata keçirilməsinə də Nazirlər Kabineti nəzarət etməli və ölkə Prezidentinə məlumat verməlidir. Bu normativ aktların Qanuna uyğunlaşdırılmasını isə Ədliyyə Nazirliyi həyata keçirəcək.
Şərhlər