Maşınlara yüksək cərimələr gəlir.
02.11.2016 21:11 Ecoreaksiya 1468
Avtomobillərin texniki baxış müddəti başa çatdı. Bizimyol.info qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 30-cu maddəsinin VI hissəsinə müvafiq olaraq, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə ildə bir dəfə, həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir. Daha aydın desək, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edildiyinin əhəmiyyəti yoxdur.
Baxışdan keçməyənləri 50-300 manat cərimə gözləyir
“VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri üçün yanvarın 1-dən mayın 1-nə qədər; xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün mayın 1-dən avqustun 1-dək; yük avtomobilləri və avtobuslar üçün sentyabrın 1-dən oktyabrın 31-nə qədər texniki baxışdan keçməlidirlər. İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.
Müayinə məntəqəsinə könüllü gedən cərimə edilmir
Texniki baxışa görə dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin iş həcmindən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir. Texniki baxışdan ötrü müayinə məntəqəsinə könüllü müraciət edən sürücülər cərimə edilmir. Texniki baxışa təqdim olunan avtomobildə heç bir problem aşkarlanmadığı təqdirdə baxış talonu (“birka”) verilir. Lakin, yollarda avtomobili idarə edərkən inspektor tərəfindən saxlanılanda cərimə yazılır. Şəxs Məcəllənin 339.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddətdə həmin əməlin törədilməsinə görə təkrar inzibati məsuliyyət yaranmır. Nəqliyyat vasitəsini texniki baxışa təqdim edənlərdən sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi), dövlət rüsumunun ödənilməsinə dair qəbz, nəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin qanunvericiliyə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi tələb olunur.
Ölkədə 1,3 milyon avtomobil var
Statistika Komitəsinin məlumatına görə, ötən il ölkədə 1 322 610 avtomobil qeydə alınıb. Bunlardan 1 129 596-sı minik avtomobilləri, ondan da 1 074 965-i şəxsi minik avtomobilləridir. Avtobusların sayı 31 057, yük avtomobilləri 141 273, xüsusi təyinatlı avtomobillər də 11 063-dür. Avtomobillərin sayının artım dinamikasına nəzər salaq. 1990-cı ildə ölkədə 398 761 avtomobil vardısa, 2000-ci ildə 440 626, 2005-ci ildə 612 069, 2010-cu ildə 982 553, 2011-ci ildə 1 037 626, 2012-ci ildə 1 135 936, 2013-cü ildə 1 232 678, 2014-cü ildə 1 291 008 avtomobil qeydə alınıb. Texniki baxış müddəti iki gündür bitsə də nə Daxili İşlər Nazirliyindən, nə də Dövlət Yol Polisindən texniki baxışdan keçən avtomobillərin sayı açıqlanmayıb. Hər il avtomobillərin yüksək faizlə texniki baxışdan keçdiyi elan edilir, lakin paytaxtda idarə olunan avtomobillərin, xüsusilə də yük maşınlarının çoxunun gerçək texniki baxışa məruz qaldığı şübhəlidir.
Texniki baxış zərərli tullantıların standarta uyğunluğunu da yoxlayır
Texniki baxışın keçirilməsinin məqsədi nəqliyyat parkının ümumi sazlığı, yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində görülən tədbirlər, ətraf mühitin mühafizəsi, nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısının alınması; baxış zamanı sürücülük vəsiqələrinin, qeydiyyat şəhadətnamələrinin qanuniliyinə, vergi öhdəliklərin təmin olunmasına və mülki məsuliyyət barədə icbari sığorta müqavilələrinin olmasına nəzarətin həyata keçirilməsidir. Nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi zamanı ilk növbədə aşağıdakılar yoxlanılır:
- nəqliyyat vasitəsinin xarici görkəmi;
- nömrəli aqreqatların (mühərrik, şassi) qeydiyyat şəhadətnaməsindəki göstəricilərə uyğunluğu;
- nəqliyyat vasitələrinin tormoz sistemlərinin və sükan mexanizmlərinin sazlığı;
- nəqliyyat vasitələrinin mühərriklərinin işlənmiş qazlarının tərkibində olan zərərli tullantıların miqdarının normativ standartlara uyğunluğu;
- nəqliyyat vasitələrinin işıq sisteminin sazlığı.
Nəzarət-ölçü cihazlarının göstəriciləri əsasında nəqliyyat vasitəsinin sazlığı barədə müvafiq qərar qəbul olunur. Aşkar edilmiş nasazlıqların aradan qaldırılması və nəqliyyat vasitəsinin təkrarən texniki baxışa təqdim edilməsi nəqliyyat vasitəsinin sahibindən tələb edilir. Saz halda olan nəqliyyat vasitələrinin sahiblərinə texniki baxışdan keçmə talonu verilir. Bunlar qanunveriilikdə belədir.
Bəs onda “təmiz hava” aylığı nəyə lazımdır?
Amma bütün sadalananlara əməl olunsaydı, hər il keçirilən “təmiz hava” aylığı aksiyasında yüksək cərimələr tətbiq olunmazdı. Həmişəki kimi bu il də avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində "təmiz hava” aylığı keçirdi. "Təmiz hava” aylığı aksiyasının əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Eynilə texniki baxışda olduğu kimi. Və hər dəfə tədbirlə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar. Mütəxəssislərə görə, avtomobillərin mühərrikindən çıxan dəm qazının miqdarı 3,5 faizi ötməməlidir. Avtomobildən ixrac olunan zəhərli qazların miqdarı artıq olan nəqliyyat vasitəsi sahibləri 150 manat cərimələnir.
Dövlət vəsaitlərinin istifadəsində israfçılıq
“Təmiz hava” aylığına niyə məhz xarici ölkələrdə istehsal olunan avtomobillərin texniki baxış müddəti başa çatdıqdan sonra start verilir? Sürücülər də məhz bu aksiyadan qorxurlar. Çünki, onun cəriməsi sıravi vətəndaşlar üçün texniki baxışınkından da yüksəkdir. Əgər “təmiz hava” aylığında texniki baxışdan keçmiş avtomobil ekologiya işçiləri və yol polisinə yaxalanırsa, bu, o deməkdir ki, həmin avtomobillər baxışdan keçirilmədən onlara “birka” verilib. Halbuki, o avtomobillər mövcud problemi aradan qaldırdıqdan sonra onların istifadəyə yararlı olduğu təsdiqlənməli, baxış talonu verilməlidir. Küçədə avtomobillərin 10-dan ən optimist müşahidə ilə yarısının yanından burnunuzu tutmadan ötüb-keçmək mümkün deyil. Onların əksəriyyəti havaya zərərli qaz buraxır. Bununla belə ön şüşələrində texniki baxış “birka”-sı vurulub. Onlar texniki baxışdan necə keçiblər ki, “təmiz hava” aylığına yaxalanırlar? Əgər texniki baxış formal xarakterli olmasa, hər avtomobil sahibindən və ya cibindəki puldan asılı olmayaraq bir nəfər kimi öz maşınını texniki baxışdan qaydalara uyğun keçirirsə, əlavə tədbirlərə əlavə dövlət vəsaiti sərf edib fərqli aksiyalar keçirməyə ehtiyac qalmaz. Deməli, texniki baxışdan keçmədən də texniki baxış talonu alanlar xeylidir. Əvvəlki araşdırmalarımızda prosesi özümüz keçərək belə halların kifayət qədər olduğunu sübut etmişdik.
Bizimyol.info
Şərhlər