Dollar da bahalaşır, idxal rüsumları da…
04.11.2016 08:57 Ecoreaksiya 1384
Azərbaycanda ərzaq məhsullarının qiymətini sabitləşdirmək çətin görünür
Dolların bahalaşması ilə paralel olaraq ölkədə bütün istehlak məhsullarının qiyməti artır. Artıq Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq edilir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Yeni gömrük idxal rüsumları iki il müddətində qüvvədədir. Dəyişikliyə əsasən Azərbaycana idxal edilən 1 kq ev toyuğu əti üçün 1 dollar, 1000 ədəd toyuq yumurtası üçün 100 dollar, 1 kq soğan üçün 0,2 dollar, 1kq xiyar üçün 0,2 dollar, 1 kq qoz-fındıq üçün 1,5 dollar, 1 kq üzüm üçün 0,4 dollar, 1 kq alma (sidr istehsalı üçün, qalama (qabsız), sentyabrın 16-dan dekabrın 15-dək), armud (perrinin və ya armud sidrinin istehsalı üçün, qalama (qabsız), avqustun 1-dən dekabrın 31-dək), heyva üçün 0,3 dollar, 1 kq xurma üçün 0,3 dollar gömrük idxal rüsumu müəyyənləşdirilib. O cümlədən meyvə şirələrinin, spirtli içkilərin 1 litri üçün 0,7 dollardan az olmamaqla gömrük idxal rüsumu alınacaq. Əvvəllər isə bu məhsullara gömrük dəyərinin 15%-i həcmində standart gömrük idxal rüsumu tətbiq edilirdi.
Həm dolların bahalaşması, həm də ərzaq məhsullarının idxalına qoyulan rüsumların yüksəlməsi istehlakçılara nə vəd edir?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan özünü təmin edə biləcək qədər kənd təsərrüfatı məhsulu, ərzaq malları istehsal edə bilmir. Ölkədə əhalinin tələbatının təxminən 50 faizi ödəniləcək qədər məhsul istehsal olunur: “Bəzi məhsullar üzrə 100, bəziləri üzrə 30, elə məhsullar da var ki, orda 25 faiz idxaldan asılıyıq. Ümumiyyətlə əsas kənd təsərrüfatı məhsulları olan, ətlə təminatımızın normaya uyğun olaraq 38 faizini, südlə 60 faizini daxili istehsal hesabına təmin edə bilirik. Taxılı isə 100 faiz xaricdən idxal edirik. Meyvə-tərəvəzi son zamanlar daha çox idxal etməyə başlamışıq. Kartofu demək olar ki, daxili istehsal hesabına 60 faiz təmin edə bilirik. Bu da bizim idxaldan asılılığımızı artırır. Ölkə daxilində əhalinin təlabatı qədər mal, məhsul istehsal olunmadığı üçün defisit yaranır. Qıtlığın yaranması da qiymətin artımına səbəb olur. Azərbaycan istehlakçıları digər ölkələrin əhalisindən fərqli olaraq kənd təsərrüfatı məhsullarına 20-30 faiz əlavə pul xərcləməli olurlar. Azərbaycan manatı dəyərdən düşür. Digər tərəfdən, paradoks odur ki, alıcılıq qabiliyyəti də azalır. Ölkədə kifayət qədər mal-məhsul istehsal olunmur. Ümumiyyətlə, təlabatın düşməsi qiymətin də enməsinə səbəb olmalı idi. Ancaq burda bəzi məhsullar var ki, istehlakçılar mütləq almalıdır. Misal üçün, yağ, qənd, çay, ət, süd, çörək. Ona görə də bu məhsulların qiymətində artım olacaq, azalma olmayacaq”.
V.Məhərrəmovun sözlərinə görə, ekzotik meyvələrin alıcıları yalnız imkanlı insanlar olacaq. “Bu gün bananın qiymətinin düşməsi, onunla bərabər bəzi məhsulların qiymətində olan dəyişikliklərin səbəbi odur ki, onlar geniş əhali tərəfindən tələb olunmur. Yəni, imkansız ailə ildə bir dəfə övladı üçün bu meyvəni alar. Ancaq imkansız ailələrin hamısı məcburdur ki, çörək, yumurta, toyuq əti, süd alsın. O məhsullar ki, gündəlik tələb olunur, onların qiymətində artım olacaq. Gündəlik tələb olunmayan, ildə bir dəfə istehlak olunan məhsulların qiymətində enmə olacaq. Ona görə ki, həmin məhsulu idxal edənlərdə çalışır ki, indiki vəziyyətdə daha çox məhsul satıb, dövriyyənin hesabına qazansınlar. Qiyməti endirmə səbəbləri də budur. İndiki mövsümdə hər hansı kənd təsərrüfatı məshulunun istehsalı mümkün deyil. Yalnız istixana şəraitində tərəvəz istehsal etmək olar. Ümumiyyətlə Azərbyacanda kənd təsərrüfatı məhsulunun artımı ilə bağlı hökümət hər hansı addım atmayıb. Hökümətin indiyə kimi yaratdığı hay-küy yalnız görüntü, imitasiya yaratmağa yönəlib. Görüntüdə qeyri-neft sektorunun inkişafına vəsait ayrılması, bu işlə məşğul olmaları obrazı yaradılıb. Ancaq bu işlə çox primitiv məşğul olurlar. Çünki qeyri-peşəkardılar. Professional bu işi başqa cür görərdi ki, yaxın gələcəkdə nəticəsi olsun”.
V.Məhərrəmovun sözlərinə görə, istehsal vasitələrinin hamısını, hətta toxumu, tut bağlarının tinglərini xaricdən gətirməklə kənd təsərrüfatını, rəqabət qabiliyyətini inkişaf etdirmək mümkün deyil. Taxılçılığı inkişaf etdirmək adı ilə 10 ildən çoxdur ki, bu sahəyə maliyyə resursu ayrılır. Xaricdən toxum, texnika alıb gətirirlər. Ən müasir kombaynları alıblar. Toxumçuluğun inkişafı ilə bağlı bu sahədə külli miqdarda resurs ayırıblar. Ortada isə heç nə yoxdur. Nə toxum, nə keyfiyyətli buğda, nə də taxıl. İstehsal olunan buğdanı bizim əhali istehsal etmir. Yəni, çörəkbişirmədə istifadə olunmur. Hətta taxıl yem kimi heyvandarlıqda istifadə olunsa da ortada məhsul yoxdur. Süd xaricdən gəlir, ət də dediyim kimi 38 faiz tələbatı ödəyir. Yumurtanın istehsalı üçün istifadə olunan yem komponentləri də xaricdən gətirilir”- deyə ekspert bildirib.
V.Məhərrəmovun sözlərinə görə, 10 il bundan qabaq taxıl idxalı 700-800 min ton, hətta daha aşağı idisə, indi 1,7 milyondur. 10 ildə 1 milyon ton taxıl idxalı artıb. Halbuki, bizim istehlakımız cəmi 1 milyon tondur. Biz çörək istehsalında istifadə olunan buğdanı da xaricdən gətiririk. 700 min ton da əlavə spirt alınmasında, bulka istehsalında istifadə olunan un, yemçilikdə istifadə olunan komponentlər də xaricdən gəlir. Bunları misal gətirməkdə məqsədim odur ki, bunlar kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul ola bilmirlər. Əksinə son 10 ildə göstərilən fəaliyyət kənd təsərrüfatı səhəsində geriləməyə səbəb olub. Ona görə də, Azərbaycanda yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının, ərzaq mallarının qiymətində artım yüksələn templə gedəcək. Qiymət artımı həm manatın dəyərdən düşməsi, həm idxalın artması, həm də süni yaradılan problemlərlə əlaqədardır. İndi elan edilib ki, istənilən sahibkar xaricdən istədiyi kənd təsərrüfatı məhsulunu, ərzaq mallarını gətirə bilər. Baxın, elə vergi tətbiq ediblər ki.. Yumurtanın idxal dəyəri əvvəl 3,8 sent idisə, indi hər yumurtaya görə 10 sent ödəmək lazımdır. Hər bir gətirilən toyuğun kiloqramına isə 1 dollar rüsum ödənilməlidir. Yəni, hökümət heç də istehlakçıları düşünmür. Əgər istehlakçıları düşünsə idi, imkan yaradılardı ki, istehlakçılar özləri də gedib qonşu ölkələrdən - İrandan, Gürcüstandan məhsul gətirsin. Ancaq onlar daha çox özlərini düşünürlər. Düşünürəm ki, bu da Azərbaycanda qiymət artımını şərtləndirən amillərdəndir”.
Aysel İsgəndərli
Şərhlər