Komissiya sədri: "Yaxın illərdə Azərbaycana 1 mlrd. dollardan çox valyuta daxil ola bilər"
01.12.2016 14:23 Ecoreaksiya 1729
2020-2022-ci illərdə Azərbaycana 1 mlrd. ABŞ dollarından artıq xarici valyuta daxil ola bilər. Bu, hazırda işlənilən azərbaycanlı sahibkarların yaxın, orta və uzaq məqsədlərini birləşdirərək, "Azərbaycan İKT sənayesinin strateji inkişaf planı" adlı yol xəritəsinin reallaşdırılması nəticəsində mümkün ola bilər.
"Report" xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının İKT Komissiyasının rəhbəri İsmayıl Ələkbərov deyib.
"Azərbaycanda növbəti illər islahatlar ili elan edilib. Hesab edirik ki, bu islahatların özəyində intellektə əsaslanan iqtisadi model durur. Cənub-Şərqi Asiya, bir sıra Avropa ölkələrinin son 30 ildə keçdiyi iqtisadi artım modeli kimi Azərbaycanın da öz iqtisadi-inkişaf modeli var. İKT sahəsi də burada müstəsna rol oynayacaq. Azərbaycan şirkətləri bu istiqamətdə son illər böyük iş görür. Azərbaycan ətrafında olan MDB, Yaxın Şərq, Mərkəzi Asiya və İran da daxil olan regionda təxminən 300 mln. nəfərlik açıq bazar mövcuddur. Və düşünülmüş, konkret qurulmuş ssenari əsasında bazarların təhlil olunması sayəsində bu bazardan ölkəyə böyük həcmdə xarici valyutanın axını baş verə bilər", - deyə İ.Ələkbərov bildirib.
İ.Ələkbərovun sözlərinə görə, bu mənada Türkiyə iş adamlarının potensialı da böyükdür. Belə ki, qeyd edilən regionun İKT sektoru Azərbaycanın da iş adamlarının çox rahat ünsiyyət qura bildiyi rusdilli bazarlardır: "Buraya hər il 100 milyardlarla ixrac potensialımız mövcuddur. Biz ixrac imkanlarımızı dəyərləndirib bundan istifadə edə bilərik. Bu prosesdə daha çox beynəlxalq və uzun müddətə əsaslanan təcrübəyə malik, nüfuzlu Türkiyə şikətlərinin böyük rolu ola bilər".
Ötən aylarda Azərbaycanda digər ölkələrlə, məsələn, Rusiya iş adamları ilə keçirilən görüşdə bu ölkənin vilayətlərinin konkret layihələr təqdim etdiyini xatırladan İ.Ələkbərov bu cür işləri Azərbaycan və Avropada böyük təcrübəyə malik böyük türk şirkətləri ilə birgə ittifaq yaradaraq reallaşdırmağın mümkün olduğunu əlavə edib: "Bu bazarları da birgə fəth edə bilərik".
Şərhlər