TAP Albaniyanın tikinti sektorunu 7% canlandırıb
03.04.2017 16:50 Ecoreaksiya 1782
Ötən il Albaniyada ÜDM istehsalı 2015-ci illə müqayisədə 3,46% artıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika İnstitutunun yaydığı məlumatda deyilir.
Beləliklə, iqtisadi artım Albaniya hökumətinin və Beynəlxalq Valyuta Fondunun proqnozları ilə üst-üstə düşüb. Bu il ölkə iqtisadiyyatında 3,7%-lik artım proqnozlaşdırılır.
Ötən ilin IV rübündə ÜDM 2015-ci ilin analoji dövrü ilə müqayisədə 3,97% artıb ki, buna da ticarət, turizm, nəqliyyat və tikinti kimi sektorlarda aktivlik səbəb olub. Yalnız daşınmaz əmlak sektorunda 0,18% geriləmə qeydə alınıb.
Məlumatda qeyd edilib ki, hesabat dövründə tikinti sektorunda 6,81%-lik artım qeydə alınıb. Bunun əsas səbəbi Trans-Anadolu Qaz Boru Kəmərinin (TAP) tikintisi çərçivəsində işlərin sürətlə irəliləməsidir.
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.
TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).
Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.
Şərhlər