"Bakı Metropoliteni" Almaniyadan 25 eskalator alır

05.05.2017 12:53     Ecoreaksiya     1566

Almaniyanın "Thyssenkrupp Elevator" şirkəti "Bakı Metropoliteni" QSC-nin sifarişi əsasında Azərbaycana 25 ədəd yüksəksürətli eskalator göndərəcək. "Apa-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, alman şirkəti müvafiq tenderin qalibi elan olunub.

Alınan 8 eskalator "Sahil" və "Xətai" stansiyaları, digər 17 eskalator isə yeni açılacaq stansiyalardan biri üçün nəzərdə tutulub.

"Xətai" stansiyası üçün nəzərdə tutulan 4 eskalatorun uzunluğu 48,7 metr təşkil edir və bu, "Thyssenkrupp" tərəfindən indiyədək istehsal olunan ən uzun eskalatorlardır.

Şirkətdən bildirilib ki, müqavilənin dəyəri onlarla milyon avro təşkil edir.

Yeni eskalatorların quraşdırılması Bakı metrosunun ötürücülük qabiliyyətini 30% artıracaq. Beləliklə, il ərzində metro ilə daşınan sərnişinlərin sayı 222 mln. nəfərə çatacaq.

Qeyd edək ki, "Thyssenkrupp Elevator" şirkətinin dünya üzrə 900-dən çox nümayəndəliyi var.

Bakı metrosu 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropolitenin iki xətti üzərində 25 stansiya yerləşib. 2030-cu ilədək Bakı metrosunun stansiyalarının sayının 76-ya çatdırılması nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar