"Fitch" və "Moody`s" ABB-nin reytinqinə yenidən baxıb

16.05.2017 08:19     Ecoreaksiya     1555

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) sağlamlaşdırılması prosesinin növbəti mərhələsində Bankın xarici kreditorlar qarşısındakı öhdəliklərinin könüllü restrukturizasiyasına başlanıldıqdan sonra "Fitch" və "Moody’s" beynəlxalq reytinq agentlikləri ABB-nin reytinqlərinə yenidən baxıb. 

Bankın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, gözlənildiyi kimi, "Fitch" bankın reytinqini "ССС" səviyyəsində elan edib. "Moody’s" isə banka "Caa3" reytinqini verib.

Beynəlxalq reytinq agentliklərinin bununla bağlı açıqlamalarını şərh edən ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bunun beynəlxalq təcrübəyə uyğun olduğunu bildirib: "Bu normal praktikadır və bizim üçün gözlənilən qərardır. Belə bir hal, xarici ölkələrdə eyni prosesi keçmiş maliyyə qurumlarının təcrübəsində də baş verir. Adətən, restrukturizasiya prosesi dövründə maliyyə qurumlarının reytinqləri qısa müddətdə aşağı düşür və proses başa çatdıqdan sonra reytinqlər yenidən bərpa olunur. ABB-nin reytinqlərinin aşağı salınması da müvəqqəti xarakter daşıyır".

ABB-nin restrukturizasiya planı bankın maliyyə durumunun və likvidliyinin gücləndirilməsinə xidmət edir. Bu planın həyata keçirilməsi nəticəsində ABB-nin xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti və gəlirliliyi güclənəcək. Tədbirlər başa çatdırıldıqdan sonra bankın kapital mövqeyi müəyyən edilmiş normativ səviyyəyə qayıdacaq. Nəticədə ABB-nin uzunmüddətli maliyyə dayanıqlılığı təmin olunacaq və özəlləşdirmə öncəsi bankın bazar dəyəri artacaq. Bütün bunları nəzərə alaraq, restrukturizasiya prosesi başa çatdıqdan sonra Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin yüksələcəyi gözlənilir.    

Reaksiya.az

Şərhlər

Çox oxunanlar