Azərbaycan Pakistandan yeni təyyarə alır
16.05.2017 08:40 Ecoreaksiya 1743
Azərbaycan Pakistandan MFI-395 “Super Mushshak” təlim təyyarəsi alacaq.
"Azere Defence" saytı xəbər verir ki, bu barədə yə ötən həftə İstanbulda İDEF-2017 sərgisində iştirak edən Pakistan Aeronautical Complex (PAC) təşkilatından məlumat verilib.
İlk mərhələdə Azərbaycan Pakistandan 10 ədəd “Super Mushshak” təlim təyyarəsi alacaq.
“Bunun davamı olaraq biz JF-17 “Thunder” döyüş təyyarələrini Azərbaycana təqdim edəcəyik”, – deyə istehsalçı müəssisədən bildirilib.
PAC yetkililərinin sözlərinə görə, Azərbaycan JF-17 təyyarəsinin hazırda üzərində işlər davam edən yeni konfiqurasiyasını (Blok II və Blok III) istəyir. Təyyarənin Azərbaycana satışı ilə bağlı bəzi texniki problemlər də öz həllinin tapıb.
Ötən ilin sonunda imzalanmış müqavilə ilə Pakistan Türkiyəyə də 52 ədəd “Super Mushshak” təyyarəsi ixrac edəcək.
Qeyd edək ki, “Super Mushshak” təyyarəsi bu gün dünyada öz sinfində həm təhlükəsizliyinə və imkanalarına, həm də qiymətinə görə ən münasib təyyarələrdən hesab olunur. Hazırda “Mushshak” və “Super Mushshak” təyyarələri Pakistanla yanaşı İran, Səudiyyə Ərəbistanı, Oman, Suriya, İraq, Qətər, Nigeriya və Cənubi Afrikanın istifadəsində yer alır. İstehsalçı müəssisənin iddialarına görə, təyyarə hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlüksəzlik standartlarına tam cavab verir.
“Super Mushshak” təyyarəsinin heyəti 2 nəfər, uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, uçuş ağırlığı – 1250 kq-dır. Bir ədəd 260 at gücündə Textron Lycoming IO-540 V4A5 (6 silindr) mühərriklə təchiz edilmiş təyyarənin maksimum sürəti 268 km /saat, kreyser sürəti 240 km / saat, birbaşa uçuş uzaqlığı 814 km, havada qalma müddəti 4 saat 15 dəqiqə, uçuş hündürlüyü 6705 metr təşkil edir. Təyyarə xarici asmada 300 kiloqram yükgötürmə qabiliyyətinə sahibdir.
Şərhlər