Azərbaycan mayda neft hasilatı ilə bağlı məlumatları OPEC-ə təqdim edib
05.06.2017 15:23 Ecoreaksiya 1497
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına uyğun olaraq Azərbaycan bu ilin may ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Energetika Nazirliyindən "Apa-Economics”ə verilən məlumata görə, həmin məlumatlara əsasən, bu ilin may ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 785,3 min barel olub. Bunun 730,3 min barelini xam neft, 55 min barelini kondensat təşkil edib. Gündəlik 596,5 min barel xam neft, 55 min barel kondensat, 12,2 min barel isə neft məhsulları ixrac edilib.
Qeyd edək ki, yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel, fevral ayında 776,4 min barel, mart ayında 733,3 min barel, aprel ayında isə 781,1 min barel olub.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması barədə razılıq əldə olunub.
Şərhlər