Yevlax-Ağcabədi çökəkliyində kompleks geofiziki kəşfiyyat işləri aparılır

04.07.2017 13:34     Ecoreaksiya     1675

 Azərbaycan Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” istehsal bölümü “Azneft” İB-nin sifarişi əsasında Yevlax-Ağcabədi çökəkliyində regional profillər üzrə kompleks geofiziki kəşfiyyat işlərini davam etdirir.

Mezokaynazoy çöküntülərinin regional izlənilməsi və müxtəlif yaşlı çöküntü komplekslərinin qalınlıqlarının öyrənilməsi məqsədi ilə aparılan işlər zamanı ümumilikdə neftli-qazlı rayondan keçən dörd profil boyu 312 xətti kilometr həcmində 2D (ikiölçülü) seysmik kəşfiyyat, eləcə də hər biri 340 xətti kilometr olan qravimetrik və maqnitometrik tədqiqat işlərinin görülməsi nəzərdə tutulub. İşlərə cari ilin aprel ayından start verilib. Hazırda 176 xətti kilometrlik 2D seysmik, 235 xətti kilometrlik qravimetrik və 245 xətti kilometrlik maqnitometrik kəşfiyyat işləri yerinə yetirilib.

Tədqiqat sahəsində işlənilmiş profillər üzrə alınan geofiziki məlumatlar əsasında müxtəlif miqyaslarda dərinlik kəsilişləri qurulacaq, quyu və seysmik məlumatların kompleks interpretasiyası nəticəsində seysmostratiqrafik təhlillər aparılacaq, həmçinin seysmofasial komplekslər ayrılacaq. Qravitasiya və maqnit sahələrinin dəyişməsini xarakterizə edən regional və lokal sahələri əks etdirən qrafiklər hazırlanacaq, profillər üzrə müşahidə olunan dalğa sahəsinin təhlili əsasında kəsilişin sürət xarakteristikası öyrəniləcək, müxtəlif növ dalğaların izlənmə zonaları müəyyənləşdiriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar