Rusiya OPEC-in hasilatın daha çox azaldılmasının əleyhinə olacaq
05.07.2017 12:00 Ecoreaksiya 1465
Rusiya iyul ayının sonunda keçiriləcək OPEC Nazirlər Komitəsinin iclasında hasilatın azaldılması ilə bağlı irəli sürüləcək istənilən təklifə qarşı çıxacaq. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Rusiya hökumətinin 4 məsul şəxsindən verilən məlumatda Rusiyanın OPEC-in hazırkı qərarına əməl edəcəyi bildirilib.
Mənbələrdən alınan məlumata görə, may ayının 30-da OPEC-in hasilatın azaldılması barədə qərarını daha 9 ay uzatmasından sonra hasilat kvotasını bir qədər də ixtisar etməsi neft bazarında yanlış anlaşıla və neft bazarı iştirakçılarında narahatlıq yarada bilər. Onlar 30 may qərarının yetərsiz olacağını düşünə bilərlər.
Xatırladaq ki, iyul ayının 24-də Sankt-Peterburq şəhərində bəzi OPEC üzvləri və təşkilata üzv olmayan ölkələrin neft nazirlərinin görüşünün keçirilməsi gözlənilir. Görüşdə qlobal neft bazarında artıq neft təklifinin qarşısının alınması istiqamətində atılan addımların effektivliyi müzakirə olunacaq.
Qeyd edək ki, Rusiya hökumətinin bəzi üzvlərinin hətta neft hasilatının azaldılması anlaşmasının uzadılmasına qarşı olduğu bildirilir. Onların fikrincə, bir gün anlaşmanın müddəti bitdikdə neft bazarında kəskin dalğalanmalar baş verə bilər.
Şərhlər