ABŞ-da hasilatın artması neft qiymətlərini aşağı salıb
07.07.2017 11:26 Ecoreaksiya 1586
ABŞ-da gündəlik neft hasilatı 24-30 iyun tarixlərində həftəlik müqayisədə 88 min barel və ya 2,7% artaraq 9,338 mln. barel təşkil edib. "Report" ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyinin həftəlik yaydığı statistik hesabatına istinadən xəbər verir ki, hesabat dövründə ABŞ-da neft ehtiyatlarının proqnozdan çox azalmasına baxmayaraq, neftin qiyməti düşməyə başlayıb. Qeyd edək ki, 24-30 iyun tarixlərində analitiklər ABŞ-ın kommersiya tipli neft ehtiyatlarında 2 mln. barel azalma proqnozlaşdırdıqları halda, ehtiyatlar 6,299 mln. barel azalıb. Bununla yanaşı, benzin ehtiyatları da 3,669 mln. barel azalma göstərib. Analitiklər benzin ehtiyatlarının 1,8 mln. barel azalacağını ehtimal edirdilər.
ABŞ-ın gündəlik neft hasilatını azaltması onun neft idxalını da azaldıb. Belə ki, hesabat həftəsində ABŞ-ın neft idxalı 7,742 mln. barel/gün təşkil edib və bu, əvvəlki həftə ilə müqayisədə 0,274 mln. barel/gün və ya 3,4% azdır.
"Brent" markalı neftin qiyməti qısamüddətli perspektivdə 45-50 dollar/barel diapazonunda sabitləşəcək. Daha sonra isə neft bazarından gələn məlumatlara uyğun olaraq qiymətlər öz istiqamətini təyin edəcək. Proqnozlar ilin son rübündə neftin 40-45 dollar/barel, 2018-ci ildə isə 30-40 dollar/barel diapazonunda satılacağını göstərir. Buna səbəb kimi Çin iqtisadiyyatının yavaşlaması nəticəsində qlobal neft tələbinin azalması amili göstərilir.
Şərhlər