Sahibkarlarla görüş oldu - Bakı Baş Gömrük İdarəsində
29.07.2015 16:21 Ecoreaksiya 1639
Reaksiya.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Şahin Bağırov DGK və yerli gömrük idarələrinin mütəmadi olaraq biznes subyektləri ilə görüşlər keçirdiyini, onları maraqlandıran məsələləri müzakirə etdiyini və gömrük sistemi tərəfindən qəbul olunan yeni qaydaları onların diqqətinə çatdırdığını deyib.
Bildirib ki, bu görüşlərin əsas məqsədi qarşılıqlı fikir mübadiləsi əsasında biznesin inkişafı üçün daha yaxşı formaları, daha rasional üsulları tətbiq etmək, gömrük orqanlarına aid edilmiş funksiyalar çərçivəsində müvafiq yoxlama prosedurlarını həyata keçirməkdir. Burada biznes subyektlərini maraqlandıran bəzi məsələlər, o cümlədən idxal-ixrac əməliyyatları, gömrük rəsmiləşdirmələri, gömrük nəzarəti məsələləri ilə bağlı, ümumiyyətlə, yüklərin yoxlamalardan keçirilməsi, vergi və rüsumların toplanması və digər məsələlər müzakirə olunur.
“Biz bu məsələləri nəzərə alırıq və qanunverici tələblər əsasında həllinə çalışırıq. Biz daim biznesin inkişafına yardım göstərməliyik, ölkəmizdə iqtisadi mühitin və iqtisadi potensialın gücləndirilməsi üçün zəruri tədbirlər həyata keçirməliyik”, - deyə Şahin Bağırov qeyd edib.
DGK-nın sədrinin müavini deyib ki, ölkədə sahibkarlıq sahəsində işgüzar mühitin yaranmasında bütün dövlət orqanlarının, o cümlədən də gömrük orqanlarının qarşısında konkret vəzifələr dayanır. Gömrük orqanlarının əsas vəzifələrindən biri məhz sahibkarlıq işinə dəstək vermək və yeni üsullar tətbiq etməkdir.
Bakı Baş Gömrük İdarəsinin rəisi Vüsal Novruzov isə qeyd edib ki, son dövr ərzində sahibkarlığın inkişafı ilə bağlı görülən işlərin həcminin xeyri artmasına baxmayaraq, bu sahədə mövcud olan problemlər gömrük orqanları tərəfindən mərhələli sürətdə aradan qaldırılıb.
Həmçinin, sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması üçün gömrük orqanları ilə ölkədə fəaliyyət göstərən yerli və xarici sahibkarların qarşılıqlı əlaqələri gücləndirilib, əsassız yoxlamaların qarşısı alınıb, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması ilə məşğul olan şəxslərə qarşı aparılan mübarizə gücləndirilib, haqlı rəqabətin formalaşmasına təsir edən imkanlar yaradılıb və iş adamlarının haqlı narazılığına səbəb olan maneələr aradan qaldırılıb. Bütün bunlar gömrük orqanları qarşısında qoyulan əsas vəzifələrdən ən vacib hesab edilən gömrük vergi və rüsumlarının yığılmasına müsbət təsir göstərməklə yanaşı, dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasına birbaşa təsir göstərib. Eyni zamanda, gömrük sahəsində aparılan ardıcıl islahatlar gömrük xidmətinin yüksəlməsinə və gömrük əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər