Dövlət zəmanəti ilə alınan borclarla bağlı qərar
08.07.2017 15:32 Ecoreaksiya 1627
Nazirlər Kabineti “Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları”nda dəyişikliklər edib.
Reaksiya.az-ın məlumatına görə, dəyişikliklərə əsasən Qaydaların 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir:
“3.3. Əsas borcalan dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliyini tam və ya qismən icra edə bilmədiyi və ya müəyyən olunmuş qaydada icra edə bilmədiyi və defolt baş vermək təhlükəsi yarandığı və bu öhdəliyin icrasının zəmanətçi tərəfindən yerinə yetirilməsi tələb olunduğu təqdirdə, verilmiş dövlət zəmanətinin müddəalarına əsasən öhdəliyin yerinə yetirilməsi bu Qaydaların 3.2-ci və 3.5-ci bəndlərinin tələblərinə əməl etməklə, Fonda toplanmış vəsaitlər hesabına bir büdcə ili ərzində təmin edilir.”.
Aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilir:
“3.4-1. Əsas borcalan rəsmi müraciətinə axırıncı maliyyə ili üçün müvafiq qaydada təsdiq edilmiş gəlirlər və xərclər smetasının icrası barədə hesabatı, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, axırıncı maliyyə ili üçün maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə, həmçinin kredit təşkilatlarına borcları barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışı və ya kredit bürosundan müvafiq kredit tarixçəsindən kredit hesabatını və digər borcları haqqında məlumatı əlavə edir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi əsas borcalandan təqdim edilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb etmək hüququna malikdir.”.
Həmçinin 3.5-ci bənd aşağıdakı redaksiyada verilir:
“3.5. Əsas borcalanın təqdim etdiyi məlumatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq strukturu tərəfindən təhlil edildikdən sonra nəticə barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilir.”.
Qaydaların 3.6-cı bəndi aşağıdakı redaksiyada verilir:
“3.6. Dövlət zəmanətinin şərtlərinə uyğun olaraq, Fond tərəfindən il ərzində hər bir əsas borcalanın əvəzinə həyata keçirilən ödənişlərin sonradan Fonda bərpa edilməsi məqsədi ilə növbəti ilin ikinci ayının son iş gününədək həmin əsas borcalan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə müqavilə imzalayır. Həmin müqavilənin şərtləri əsas borcalanın maliyyə vəziyyəti nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir.”.
Bundan başqa, 4.3-cü bənd aşağıdakı redaksiyada verilir:
“4.3. Fondun vəsaitləri dövlət zəmanəti ilə təmin edilmiş borc öhdəliklərinin valyuta strukturuna uyğun olaraq, nüfuzlu beynəlxalq reytinq agentlikləri (Standard & Poor's, Fitch Ratings, Moody's, bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrində yerləşən banklarda, habelə Azərbaycan Respublikasında bank lisenziyasına malik və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqi Azərbaycan Respublikasının (suveren) borc reytinqindən maksimum 1 (bir) pillə aşağı olan banklarda depozitlərə (tələbli və müddətli) və ya bu banklar tərəfindən buraxılmış borc kağızlarına yerləşdirilir.”.
Şərhlər