Aralıq dənizi hövzəsində enerji savaşı

18.07.2017 12:12     Ecoreaksiya     2134

Qlobal və regional oyunçular arasında enerji resurslarına sahiblənmək uğrunda gərgin mübarizə gedir

İstanbulda ötən həftə baş tutan Dünya Neft Konqresində "münaqişə” deyil, "əməkdaşlıq” barədə mesajlar əsas xətt kimi keçsə də, enerji resurslarının bölüşdürülməsi uğrunda mübarizədə yeni böhranlar gözlənilir. Türkiyənin nüfuzlu "Bir gün” qəzetində dərc edilən məqalədə xüsusi vurğulanır ki, enerji müharibələri tam gücü ilə gedir. Və xüsusi vurğulanır ki, bir çox problemlərin əsasında enerji resursları ilə zəngin Yaxın Şərq, Mərkəzi Asiya, Latın Amerikası kimi regionlardakı enerji savaşları durur. Adları qeyd olunan bölgələrdəki bölüşdürmə uğrunda mübarizəyə Birləşmiş Ştatlar, Rusiya, Çin, Almaniya, Böyük Britaniya, Fransa, Avropa İttifaqı, İran, İsrail, Fars körfəzinin ərəb ölkələri, o cümlədən ərazisindən enerji resurslarının nəql olunduğu Türkiyə də qoşulub. Qlobal və regional oyunçular arasında bu resurslar uğrunda mübarizə, Qətər və İran böhranı, Suriya və Ukraynadakı münaqişələri belə arxa plana keçirib. Qəzet yazır ki, 22-ci neft sammiti də məhz bu enerji böhranları şəraitində keçib. Dünyanın əksər ölkələrinin yüksək rütbəlilərinin qatıldığı tədbir sərt enerji bazarlığı şəraitində keçib. Məsələn, İsrailin enerji naziri Yuval Ştayn bildirib ki, Türkiyənin enerji naziri Berat Albayrakla iki ölkə arasında qaz kəmərinin inşası ilə bağlı müzakirə aparıb: "Biz ilin sonuna kimi boru xəttinin inşası ilə bağlı sazişin imzalanması barədə razılıq əldə etmişik”. İstanbulda neft sammitinin keçirildiyi dövrdə Fransanın Total və İtaliyanın ENI şirkətləri Kiprin ərazi sularında qazma işlərinin aparılması barədə aktiv işlərə başlayıblar. Cənubi Kipr tərəfinin bəyanatına görə, "Onisiforos 1” adlanan ərazidə qazma işləri 75 gün çəkəcək. Lakin bu işlər Ankarada narazılıqla qarşılanıb. Cənubi Kipr bəyan edir ki, bu regiondakı təbii qaz ehtiyatları ona məxsusdur. Türkiyə isə əks fikirdədir. Onun fikrincə, bu yataqlar adanın hər iki icmasının ortaq mülkiyyətidir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, "biz əlimizi yanımıza salıb prosesləri izləmək fikrində deyilik”. Prezident Rəcəb Tayyib Ərdoğan da neft konqresində bildirib ki, beynəlxalq hüquqa görə karbohidrogen resursları adadakı bütün tərəflərə verilməlidir: "Bizim hər kəsdən gözləntimiz - regionda gərginliyə gətirib çıxara biləcək addımlara yol verməməkdir”. Artıq yayılan xəbərlərə görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus gəmi Cənubi Kiprin sahillərinə yan alıb. Neft və qaz ehtiyatlarının böyük bir qismini özündə birləşdirən Türkiyə strateji nöqteyi-nəzərindən əhəmiyyətli mövqedə yerləşir. Belə bir status, yəni yeganə təbii körpü bir tərəfdən ona enerji təhlükəsizliyi baxımından əlverişli imkanlar verir, digər tərəfdən enerji mübahisələrinin mərkəzinə çevirir. 
Yeri gəlmişkən, məqalədə bölgədəki mövcud neft və qaz kəmərləri, eləcə də layihələrə də yer verilib. Bura Kərkük-Yumurtalıq və Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, eləcə də Bakı -Tbilisi - Ərzurum qaz kəməri daxildir. Eləcə də, Türkiyə-Yunanıstan qaz interkonnektoru, Rusiya-Türkiyə qərb marşrutu, "Mavi axın”, İran-Türkiyə qaz kəməri daxildir. Sonuncu isə "Türk axını” layihəsidir. Bu layihə üzərində xüsusi dayanmaq gərəkdir. Bu başıbəlalı layihə ilə bağlı məsələ hələ 2014-cü ildə ortaya atılmışdı. 2015-ci ildə Rusiya ilə Türkiyə arasında təyyarə qalmaqalından sonra isə layihə arxa plana keçmişdi. İki ölkə arasında münasibətlər normallaşandan sonra 2016-cı ildə layihə yenidən gündəmə gətirildi. Və bu yaxınlarda onunla bağlı işlərə start verilib. Rusiya qazını Türkiyə vasitəsilə Avropaya daşıyacaq bu layihə üzrə qazın Qara dənizin dibi ilə Türkiyəyə, Yunanıstana və Avropaya nəqlini nəzərdə tutulur. "Türk axını”nın dəniz hissəsinin uzunluğu dörd xətdən ibarət olacaq və ümumi gücü il ərzində 15,75 mlrd. kubmetr təşkil edəcək. Uzunluğu isə 910 km. olacaq. Bundan əlavə də qaz kəmərləri layihələri də var. Söhbət ilk növbədə Transatlantik qaz kəməri layihəsi – TANAP-dan gedir. Cənub Qaz Dəhlizinin sütununu təşkil edən bu layihə ilk dəfə olaraq Xəzər dənizindən çıxarılacaq qazın alternativ marşrutlarla böyük həcmdə Avropaya çatdırılmasını nəzərdə tutur. Layihənin təməli 2015-ci ilin 17 martında qoyulub. Bu kəmərlə gələcək qaz 2018-ci ilin ortalarında Türkiyə ərazisinə, 2020-ci ildə isə Avropaya daxil olacaq. Hazırda dünyanın ən iri yataqlarından hesab olunan "Şahdəniz”dən çıxacaq qazı nəql edəcək kəmərin əsas səhmdarları BP (Böyük Britaniya) - 28,8%, Türkiye Petrolleri (Türkiyə) - 19%, SOCAR (Azərbaycan) — 16,7%, Petronas (Malayziya) — 15,5%, «Lukoyl» (Rusiya) — 10% və NICO (İran) - 10%-dir. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar