OPEC+ ölkələrinin Monitorinq Komitəsi ilk 6 ayın yekunlarını açıqlayıb
25.07.2017 12:53 Ecoreaksiya 1499
Monitorinq üzrə Nazirlər Komitəsi neft hasilatının azaldılması ilə bağlı OPEC+ anlaşmasının ilk 6 ayının yekunlarını açıqlayıb. "Report" "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, anlaşmaya 98% əməl edilib. Bununla yanaşı, Komitə neft bazarının sabitləşməsi üçün lazım gələrsə anlaşmanın müddətinin daha da uzadıla biləcəyini bildirib. Qeyd edək ki, Nazirlər Komitəsinə Venesuela, Küveyt, Əlcəzair, Oman, Rusiya, S.Ərəbistanının nümayəndələri və OPEC-in baş katibi daxildir.
Komitə həmçinin bildirib ki, OPEC+ ölkələri ilk 6 ayda məcmu hasilatı 351 mln. barel azaldıb. Bu müddət ərzində OECD ölkələrinin neft ehtiyatlarında 90 mln. barel azalmaya nail olunub. Nəticədə, OECD ölkələrinin neft ehtiyatları 250 mln. barelə geriləyib. Rusiyanın energetika naziri Aleksandr Novak Nazirlər Komitəsinin dünən Sankt-Peterburqda keçirilən monitorinq iclası çərçivəsində qeyd edib ki, əgər anlaşmaya daxil olan ölkələr öhdəliklərinə tam əməl etsə, o zaman gündəlik 200 min barel neftin bazardan yığışmasına nail olmaq mümkündür.
Nazirlər Komitəsi iclasın yekununda bütün ölkələri anlaşmaya 100% əməl etməyə çağırıb.
Şərhlər