Avropa Komissiyası Azərbaycana vəsait ayıracaq

26.10.2017 12:00     Ecoreaksiya     1627

Azərbaycanla Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı"nın Maliyyələşdirmə Sazişi imzalanıb.

Reaksiya.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənədi Azərbaycan hökuməti adından nazir Şahin Mustafayev imzalayıb.

Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, kiçik və orta sahibkarlığın inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcək. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılacaq.

Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%, əsas kapitala yönəlmiş investisiyalarda son 10 ildə 46%, qeyri-neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Aİ ölkələrinin Azərbaycanda 1 300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX, Büdcəyə dəstək və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar