Azərbaycan və Türkiyənin qarşılıqlı investisiyaları 30 milyard dollara çatdırmaq imkanları var

30.10.2017 13:18     Ecoreaksiya     1870

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiyaları 30 milyard dollara çatdırmaq imkanları var.

Bunu TREND, AZƏRTAC və APA-ya müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan hər şeydən əvvəl qardaş ölkələrdir və bu sahədəki əlaqələrimiz qardaşlıq bünövrəsi üzərində formalaşır: "Faktiki olaraq reallaşan qarşılıqlı kapital qoyuluşlarımızın həcmi 2016-cı ilin sonunda 23 milyard ABŞ dolları səviyyəsində olub. İnvestisiyalarımızı beş il ərzində 30 milyard ABŞ dolları səviyyəsinə çatdırmaq imkanımız var".

Dövlət başçısı qlobal iqtisadiyyatdakı və regionumuzdakı geosiyasi proseslərin hər bir ölkəyə təsir göstərdiyini vurğulayıb: "Bildiyiniz kimi, Türkiyə son dörd ildir ki, onu zəiflətmə məqsədi güdən, müxtəlif istiqamətlərdən gələn çoxsaylı hücumların hədəfinə çevrilib. Lakin yenə də dik dururuq. Azərbaycana isə neftin ucuzlaşmasının təsirləri oldu. Hər çətinliyin özündə müəyyən imkanlar da ehtiva etdiyinə inanırıq".

O bildirib ki, Azərbaycanın qeyri-neft sektorunu inkişaf etdirmək cəhdləri Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında uğurla artır: "Xarici investisiyaların təşviq edilməsi, Türkiyənin iri şirkətlərinin Azərbaycana investisiya qoyması və özəlləşdirmə məsələlərində azərbaycanlı qardaşlarımızla yaxın əməkdaşlıq şəraitində işləyəcəyik. Bu məqsədlə qarşıdakı günlərdə Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının da əməkdaşlığı ilə "Road Show" tədbirinin keçirilməsi üçün İqtisadiyyat nazirliklərimiz arasında işlər davam etdirilir.

Həmçinin Naxçıvanla ticarət əlaqələrimizin canlandırılması, iş adamlarımızın təşviqi üçün müxtəlif tədbirlər həyata keçirdik. 28 oktyabrda iqtisadiyyat nazirlərimiz İğdıra toplaşıb iş adamlarımızla görüşdülər, bu məsələdə görülən işlərlə bağlı iş adamlarımıza məlumat verdilər. Yaxın vaxtlarda Naxçıvanla ticarət həcminin artırılması istiqamətində konkret nəticələr əldə edəcəyimizə inanıram".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar