TANAP-ın lot-3 üzrə inşaat işləri gələn ay tamamlanacaq
06.11.2017 14:06 Ecoreaksiya 1908
Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin lot-3 üzrə inşaat işləri dekabrın 25-də yekunlaşacaq.
Bu barədə lot-3 üzrə tenderin qalibi olan “Tekfen Holding”in 9 aylıq maliyyə hesabatında qeyd olunub.
Bildirilib ki, “Tekfen” 589,9 mln. ABŞ dolları həcmində müqavilədəki məbləğin 83%-ni əldə edib. Yəni, bu ilin oktyabr ayının əvvəlinə 100,2 mln. dollarlıq məbləğ qalıb.
Qeyd edək ki, lot-3 üzrə tenderin qalibi olan “Tekfen İnşaat”la müqavilə 2014-cü ilin sonunda imzalanıb. Müqaviləyə əsasən, “Tekfen” TANAP-ın 509 km hissəsini 36 ayda inşa edərək tamamlamalıdır.
“Tekfen”in qalib gəldiyi TANAP-ın kompressor və ölçü stansiyaları üzrə işlər isə 2019-cu il mayın 31-də tamamlanacaq. Müqavilənin dəyəri 461,488 mln. dollardır ki, bu ilin 9 ayı ərzində “Tekfen” 32,8%-ni əldə edib.
Qeyd edək ki, 2016-cı ilin fevral ayında "TANAP Doğalgaz İletim A.Ş." tərəfindən elan edilən “Kompressor və ölçü stansiyaları ilə bağlı Mühəndislik, Tədarük və İnşaat" işləri üçün tenderin qalibi "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti ilə müqavilə imzalanıb. 1 850 km uzunluğundakı boru kəmərinin 2 ədəd kompressor stansiyası və 4 ədəd ölçü stansiyasının mühəndislik, tədarük və inşaatı üçün tender 2015-ci il iyunun 26-da elan edilib.
Şərhlər