Bakı Olimpiya Stadionunun kapitalının kəskin azaldılmasının səbəbləri açıqlanıb
29.11.2017 12:31 Ecoreaksiya 1534
"Bakı Olimpiya Stadionu" MMC nizamnamə kapitalının kəskin azaldılmasının səbəblərini açıqlayıb.
MMC-nin baş mühasibi Azər Əliyev "APA-Economics"ə bildirib ki, Bakı Olimpiya Stadionu IV İslam Həmrəyliyi Oyunlarının təşkili və "Qarabağ" futbol klubunun Çempionlar Liqası çərçivəsində stadionda keçirilən oyunlarına görə maliyyələşmə ilə bağlı çətinlikləri olub.
"Bundan başqa, Bakı Olimpiya Stadionunun saxlanma xərcləri var. Bütün bu xərcləri qarşılamaq üçün təsisçimiz SOCAR tərəfindən bu maliyyə vəsaiti nizamnamə kapitalın köçürülmüşdü. Hazırda SOCAR öz vəsaitini nizamnamə kapitalından götürüb. Bakı Olimpiya Stadionunun nizamnamə kapitalında azalma bununla bağlıdır. Qanuna görə, təsisçi nizamnamə kapitalını artıranda və ya azaldanda bir ay qabaqdan "Vergilər" qəzetində elan verilməlidir. Bakı Olimpiya Stadionu da qanuna əməl edərək nizamnamə kapitalı artırılanda və ya azaldılanda bir ay qabaqdan bu elanı qəzetdə dərc edir. Elan kreditorların bundan məlumatı olması üçün bir ay əvvəldən verilir. Vergilər Nazirliyi kreditorların tələblərinin olub-olmamasını gözləyir. Kreditorların 1 ay ərzində tələbləri olmadığı təqdirdə nizamnamə kapitalı azaldılacaq və 1000 manat təşkil edəcək. Nizamnamə kapitalının artırılması Bakı Olimpiya Stadionunun təsisçisi SOCAR-ın verəcəyi qərardan asılıdır. Bu proseslər tam şəffaf və hüquqi çərçivədə aparılır. Bakı Olimpiya Stadionunun fəaliyyəti ilə bağlı audit yoxlaması aparılır. Bütün əməliyyatlar bu audit yoxlamasında da öz əksini tapır", - deyə A.Əliyev vurğulayıb.
Bundan öncə xəbər verdiyimiz kimi, "Bakı Olimpiya Stadionu" MMC-nin nizamnamə kapitalı 2,441 mln. manatdan 1000 manatadək azaldılıb.
Şərhlər