Rusiya ixracatında şok eniş - Statistika

01.08.2015 23:36     Ecoreaksiya     1832

Türkiyə İxracatçılar Məclisinin (TİM) iyul ayı üzrə açıqladığı ixracat göstəricilərinə görə Türkiyədən Rusiyaya göndərilən məhsul ötən ilin müvafiq dövründə 49 faiz geriləyərək 282,2 milyon dollara düşüb. 2014-cü ildə bu rəqəm  535,9 milyon dollar idi.
 
Reaksiya.az xəbər verir ki, Ukrayna böhranı, sanksiyalar və neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatının durğunlaşmasına səbəb olaraq göstərilir. Təbii ki, bu öz təsirini Türkiyənin ölkəyə ixrac etdiyi məhsulların sayının azalmasında da göstərib. Türkiyədə ümumi ixrac göstəricilərinin aşağı düşməsi və Rusiyada yaranan imkanların qiymətləndirilməməsi  isə itkilərin daha da  artmasına səbəb olub. 
 
 Aİ-yə tətbiq olunan embarqo fürsəti dəyərləndirilmədi
 
Avropa İttifaqına  embarqo tətbiq etdiyinə görə Rusiyanın alıcılıq qabiliyyəti kifayət qədər artsa da, Türkiyədən toyuq əti məhsulları, süd və süd məhsulları başda olmaqla bir çox məhsulların ixrac edilməməsi Türkiyənin ixrac prosesinə mənfi təsir göstərib.  
 
2015-ci ilin ilk 7 ayında Türkiyədən Rusiyaya ixrac 2 milyard 179 milyon dollara çatıb. Ötən ilin eyni dövründə isə ixracat 3 milyard 550 milyon dollar olub. 2014-cü ildə ixrac 6 milyard 50 milyon dollara çatsa da, 2015-ci ildə ixracın təxminən 4 milyard dollar olması narahatlıq yaradır.
 
 2013-cü ilin təkcə iyulunda Türkiyədən Rusiyaya ixrac 616 milyon 506 min dollar, illik isə 7 milyard 96 milyon dollar idi. 
 
 TİM-in məlumatlarına görə,  bu ilin iyulunda ixracat ötən ilin eyni ayı ilə müqayisədə 13 % düşərək 10 milyard 857 milyon dollara düşüb. İlin ilk 7 ayında ümumi ixrac 8,8 faiz geriləyərək ilə 84 milyard 369 milyon dollar olub. 

Şərhlər