Azərbaycanlılar gəlirlərini artıra bilər - Açıqlama

02.08.2015 20:04     Ecoreaksiya     2774

Rusiyanın Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarından məhsulların idxal edilməsinə embarqo qoymasından bir il keçir. Bu orada yaşayan həmyerlilərimizə də təsirsiz olmayıb. Bunu Reaksiya.az-a açıqlamasında kənd təsərrüfatı üzrə ekspert, alim Vahid Məhərrəmov bildirib.

 

O qeyd edib ki, artıq bir ildir ki Rusiya Avropa və ABŞ-dan  daxil olan mallara embarqo qoyub. Təbii ki, bu Rusiyaya qonşu dövlətlərə öz təsirini göstərib. Məlumdur ki, Rusiya həm ərazisinin, həm də əhalisinin böyüklüyünə görə yüksək alıcılıq qabiliyyətinə malikdir. Buna görə də Avropadan daxil olan məhsullara embarqo qoyması ilə bazardakı qiymətlər  sıçrayışla qalxıb.

 

Ekspert bildirib ki, Rusiya vəziyyətdən çıxış yolu kimi artıq qida məhsullarının bir hissəsini özü istehsal etməyə başlayıb. Buna görə də Dağıstanda, Çeçenistanda, hətta Moskvanın özündə istixana şəraitində  meyvə-tərəvəz istehsalı ilə məşğul olur. Ən yeni, müasir texnologiyalardan istifadə edən rusiyalılar hətta hər hektardan 3 dəfə çox məhsul əldə edə bilirlər.

 

Vahid Məhərrəmov onu da qeyd etdi ki, bu vəziyyət Rusiyada yaşayan yerlilərimizə də təsirsiz ötüşməyib. Bu qonşu ölkədəki azərbaycanlıların evlərinə göndərdikləri vəsaitdəki azalmalarda da özünü göstərir.

 

Ekspert vəziyyətdən çıxış yolunu isə belə görür ‘Rusiyada azərbaycanlıları əvəz edə biləcək  tədarüklə məşğul olan sahibkarlar yoxdur. Rusiya Avropa və ABŞ-dan  daxil olan məhsullara embarqo qoyduqdan sonra ölkədaxili istehsala başlasa da , bunu hər sahədə edə bilməyəcək.

 

Çünki elə qida məhsulları var ki, Rusiyanın iqliminə uyğun deyil. Ona görə də orda yetişdirə bilmirlər. Məsələn xurma, nar, sitrus meyvələri.

 

Ona görə də həmyerlilərimiz yaranan vəziyyətdən istifadə edərək məhsulların keyfiyyətini yüksəldərək bazarda yaranan boşluqdan yaxşı istifadə edə bilər. Beləliklə gəlirlərini daha da artıra bilər’.  

 

Qeyd edək ki, Rusiyanın prezidenti Vladimir Putin bir neçə gün öncə  Avropa və ABŞ-da istehsal olunan  qida məhsulları və xammalın 6 avqustdan etibaran məhv edilməsi haqqında qərar imzalayıb.

 

Qərar şəxsi ehtiyac üçün gətirilən və ya tranzit gömrük rejiminə tabe olan, eləcə də üçüncü ölkələrə daşınan mallara şamil edilməyəcək.

 

Şərhlər