DİN Milli Şuranın iddialarına münasibət bildirdi

22.01.2018 17:07     Ecoreaksiya     1927

Daxili İşlər Nazirliyi (DİN) Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddialarına münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və digər radikal müxalifət partiyaların rəhbərlərinin 20 Yanvar -Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərkən guya onlara süni əngəllərin yaradılması barədə sosial şəbəkələrdə paylaşdıqları statusların, verdikləri bəyanatların heç bir hüquqi və məntiqi əsası yoxdur.

Rəis müavini qeyd edib ki, daim öz hüquqlarının pozulduğunu iddia edən, bu zəminində hakimiyyət orqanlarının, xüsusən də polisin ünvanına iftira atmağa, onlar barəsində yeri gəldi-gəlmədi “qara piar”, böhtan kampaniyası aparmağa adət etmiş, özünü Milli Şura adlandıran qurumun bir qrup üzvü öz ənənələrinə bu dəfə də sadiq qalıblar, onların guya Şəhidlər Xiyabanını ziyarət etməsinə maneə yaradılması barədə açıqlamalar verməyə başlayıblar: “Bu qüvvələrin bilərəkdən təxribata getmək, ən müqəddəs hisslərdən, xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən olan 20 Yanvar hadisələrindən də ucuz siyasi məqsədləri üçün istifadə etməklə hər birimiz üçün ağrılı olan bu mövzuda da şou düzənləmək niyyəti həm də ondan bəlli idi ki, bu bədnam qurumun başbilənləri qabaqcadan edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, müəyyənləşdirilmiş vaxtdan da təqribən bir saat yarım əvvəl ziyarətə gəliblər.

Bu şəxslərin Ümumxalq Hüzn Günündə qarşıdurma, qarışıqlıq yaratmaq niyyətlərini önləyən asayiş keşikçiləri radikal müxalifətçilərin həmin təxribatçı planının da qarşısını alaraq, onlara hamıdan qabaq ziyarətə başlamaq imkanı yaradıblar. Guya tərəfdarlarının toparlanacağı bəhanəsi ilə bu müqəddəs məkanda ümumi ziyarətçi axınını da qısa müddət süni şəkildə dayandırmış Milli Şura təmsilçilərinin məlum provokasiyasına özlərinin məhdud bir qrupundan başqa kimsə uymayıb, ümumxalq hüzn günündə, millətin birləşdiyi bir tarixdə təşkil etdikləri ucuz siyasi şouda özlərindən savayı kimsə iştirak etməyib. Bir daha qeyd edirik ki, yanvarın 20-də insanların Şəhidlər Xiyabanını maneəsiz və sərbəst şəkildə ziyarət etmələri üçün aidiyyəti dövlət qurumları tərəfindən hər cür şərait yaradılıb”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar