Azərbaycanın innovasiyası PASHA Bankın London Fond Birjasındakı 3-cü seminarında təqdim edilib
28.02.2018 15:56 Ecoreaksiya 2080
London Fond Birjasında PASHA Bank tərəfindən təşkil olunan “Azərbaycan: beynəlxalq maliyyələşməyə hazırlıq” mövzusunda seminar keçirilmişdir. Bu seminarın məqsədləri Azərbaycanda investisiya imkanlarının nümayişi və maliyyə sektorunda cari islahatların müzakirəsi, eləcə də Böyük Britaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı və strateji partnyorluq münasibətlərinin genişləndirilməsindən ibarət olub.
Reaksiya.az-ın xəbərinə görə, PASHA Bankın ilk iki investisiya seminarı 2014 və 2015-ci illərdə keçirilmişdir. Burada Avropa maliyyə cəmiyyətində Azərbaycana investisiya qoyuluşunun ən qabaqcıl sahələri və texnologiyaları, eləcə də əlverişli investisiya mühitinin inkişafı üçün həyata keçirilən islahatlar təqdim edilmişdir. Bu, onunla bağlıdır ki, Azərbaycan günümüzdə ölkənin yalnız neft qüvvəsi kimi tanınması tendensiyasını dəyişdirməyə çalışır. PASHA Bank iqtisadiyyatın bir çox sahələrində çalışan şirkətlərlə əməkdaşlıq edir. İKT sahəsi də istisna deyildir. Bu isə Azərbaycan iqtisadiyyatının diversifikasiyası üçün həyati baxımdan çox vacibdir. Belə ki, bu ilin əvvəlində PASHA Bank “Asan İmza” mobil elektron imzanın operatoru olan B.EST Solutions şirkəti ilə birlikdə yeni biznes texnologiyaya – B2B start verdi və dünya təcrübəsində ilk dəfə olaraq bankın müştəriləri üçün “Asan İmza”nın verilişinə başlayıb.
Seminar yüksək səviyyədə təşkil olunmuş iki panel müzakirələrdən ibarət təşkil edilmişdir. Burada “Böyük Britaniya və Azərbaycanın ticarət və investisiya münasibətləri”, “Beynəlxalq investisiyalar üçün imkanlar: strateji yol xəritəsi və inkişafın açar sektorları”, “Azərbaycan iqtisadiyyatının ən cəlbedici sektorları” kimi mövzular işıqlandırılmışdır.
Seminarın işində ölkədə investisiya imkanlarının dəyərini anlayan alimlər, bankçılar və işgüzar adamlar iştirak etmişdi. Seminarın fəxri qonaqları içərisində Böyük Britaniyanın Azərbaycanda ticarət nümayəndəsi Baronessa Nikolson, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfiri cənab Tahir Tağızadə, "The Economist" jurnalının analitik şöbəsinin nümayəndəsi Aleks Nays, Avropa Yenidənqurma və İnkişaf Bankının Cənub və Şərqi Aralıq dənizi və Qafqaz ölkələri Qrupunun direktoru cənab Mayk Teylor, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nuran Kərimov, eləcə də Avropa və Azərbaycanın aparıcı banklarının, müdafiə strukturu və İKT layihələri rəhbərliklərinin nümayəndələri də vardı.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vusal Qasımlı “Neft əsrindən sonra iqtisadi yüksəlişin bərpası” məruzəsilə çıxışı zamanı prezident İlham Əliyev tərəfindən qəbul edilən iqtisadi islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafının əhəmiyyətini qeyd etmişdir. Öz növbəsində GoldenPay-in nümayəndəsi Fərid İsmayılzadə ölkənin start-ap sənayesi, start-ap cəmiyyətin inkişafı və maliyyələşdirmənin perspektivlərini təqdim etmişdir.
“Asan İmza” mobil elektron imzanın operatoru hesab edilən B.EST Solutions şirkətinin təsisçisi və Azərbaycanda mobil identitet layihələri Konsorsiumunun rəhbəri xanım Yana Krimpe Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsindəki zəngin təcrübəsi ilə paylaşmışdı. İnvestorlar və biznes-cəmiyyətə “Rəqəmsal Ticarət Qovşağı”, AZEXPORT, ABAD (Ailə Biznesinə ASAN Dəstək), Asan İmza mobil elektron imza layihələri, eləcə də Elektron Hökumətin onlayn biznes-xidmətləri təqdim edilmişdir.
Bundan əlavə PASHA Bankın innovativ rəqəmsal bankçılıq layihəsi qeyd edilmişdir. Xanım Yana Krimpe öz çıxışında bildirmişdir ki, PASHA Bank nəinki regionda, eləcə də bütün dünyada ən qabaqcıl texnologiyaları tətbiq edərək Asan İmzanı müştərilərinə təqdim edən və rəqəmsal maliyyə mühitində KYC (öz müştərini
tanı) prinsipinə bütünlükdə riayət edən ilk bank olmuşdur ki, bu da Avropa maliyyə bazarı üçün çox aktual mövzudur.
İnnovativ mühitin yaxşılaşdırılması və əlavə investisiyaların cəlb edilməsinə istiqamətləndirilmiş innovativ layihələri təqdim edərkən, xanım Yana Krimpe ölkədə iqtisadi islahatların həyata keçirilməsində dövlət və özəl sektorun əməkdaşlığının çox vacib əhəmiyyətini xüsusilə qeyd etmişdir. O, eyni zamanda turizm sahəsində regionların böyük potensialını vurğulamış, eləcə də iştirakçıları regionlarda informasiya texnologiyaları sahəsində çoxlu sayda xanımların cəlb edilməsi üçün Femmes Digitales klubu tərəfindən həyata keçirilən işlərlə tanış etmişdir.
Britaniyalı investorlar Azərbaycan bazarına xüsusi maraq göstərmiş və hökumət tərəfindən reallaşdırılan islahatları yüksək qiymətləndirmişdilər. Eləcə də azad iqtisadi zona layihəsi, həmçinin Azərbaycanda biznesin distant idarə edilməsi üçün innovativ xidmətlərin səviyyəsi xüsusi maraq doğurmuşdur. Britaniyalı investorlar bir sıra layihələrin maliyyələşdirilməsinə maraq göstərdiklərini və təqdim olunan həllərin yüksək səviyyədə rəqəmsallığını və yeniliyini qeyd ediblər.
Gülnaz Qənbərli
Şərhlər