“Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolu” - FOTOLAR
03.03.2018 10:30 Ecoreaksiya 1935
UNEC-də “Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Reaksiya.az-ın xəbərinə görə, biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in professor-müəllim heyəti ilə yanaşı, dövlət və özəl qurumların nümayəndələri də iştirak edib.
Kiçik və orta sahibkarlığın (KOS) inkişafının Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların əsas prioritetlərindən olduğunu diqqətə çatdıran fakültə dekanı, dosent Mirağa Əhmədov bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” KOS-un dövlət tərəfindən təşviqi və dəstəklənməsini xarakterizə edən əsas faktorlardan biridir. O, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını institutsional və struktur islahatlarının tərkib hissəsi kimi qiymətləndirib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov regional proqramlar və investisiya layihələrinin hazırlanması və həyata keçirilməsində fondun gördüyü işlərdən danışıb. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, iqtisadçı alim Vüqar Bayramov KOS-un inkişafının Azərbaycanda innovativ iqtisadiyyatın formalaşmasına pozitiv təsirlərindən söz açıb. Davos İqtisadi Forumun son hesabatında Azərbaycanın dünyanın ən innovativ ölkələrindən biri kimi qiymətləndirilməsinə diqqət çəkən alim, bunun ölkədə resurs iqtisadiyyatından innovativ iqtisadiyyata transferin reallaşdığından xəbər verdiyini vurğulayıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən birinin kiçik və orta sahibkarlığın inkişafı olduğunu bildirən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bu sahədə həyata keçirilən islahatlardan danışıb. “Kapital Bank”ın Komplayens departamentinin meneceri Kamil Lətifov KOS-un inkişafında bank sektorunun rolundan bəhs edib. Çıxışlardan sonra iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans işini panel müzakirələrdə davam etdirib.
Gülnaz Qənbərli
Şərhlər