Sahibkarlara onlayn “Vahid İxrac Ərizəsi” ilə bağlı təlim keçirilib
03.03.2018 10:46 Ecoreaksiya 1817
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) sahibkarlara online “Vahid İxrac Ərizəsi”nin doldurulması qaydalarının izah olunması üçün təlimlərə start verilib. Reaksiya.az-ın xəbərinə görə, təlimdə İİTKM-in bir neçə departamentinin rəhbəri “Vahid İxrac Ərizəsi”nin faydaları, əhəmiyyəti və istifadə qaydaları haqqında sahibkarlara məlumat verib. Bildirilib ki, bu yeni xidmət dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq olunur.
İİTKM-in Strateji Araşdırmalar və İnkişaf departamentinin rəhbəri Ramil Hüseyn Azərbaycanın ixrac perspektivli hesab edilən məhsullarına dair analitik məlumatlar təqdim edib. Azexport portalının rəhbəri Zaur Qardaşov sahibkarlara dəstək istiqamətində aparılan iqtisadi islahatlar və ixraca mövcud dəstək mexanizmləri barədə geniş danışıb. O əlavə edib ki, onlayn vahid ixrac ərizəsi sahibkarların ixrac üçün işini asanlaşdıracaq. Çünki respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Həm də sistemin işə salınması ixrac prosedurlarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə isə ixracatçı sahibkarlara yaradılan şərait barədə məlumatlar verərək bildirib ki, Vahid İxrac Ərizəsi ilə sənədlərin icra müddəti də bir neçə dəfə azalacaq.
Daha sonra Azexport portalının meneceri Ayxan Qədəşov sahibkarlara online vahid ixrac ərizəsinin doldurulması qaydalarını izah edib. Sahibkarların suallara cavablandırılıb.
Təlimdə Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının nümayəndələri iştirak edib. Növbəti təlimlərə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası, Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Arıçılar Assosiasiyası cəlb olunacaq. Sahibkarlar vahid ixrac ərizəsi ilə tanış olmaq üçün https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər.
Ərizənin doldurulması ilə bağlı qaydaların izah olunduğu videoçarx İİTKM rəsmi youtube ünvanında yerləşdirlib:
https://www.youtube.com/watch?
Qeyd edək ki, “Vahid İxrac Ərizəsi”nin qaydalarının izah edilməsi ilə təlimlər davam etdiriləcək.
Gülnaz Qənbərli
Şərhlər