İPOTEKANIN SADƏLƏŞDİRİLMƏSİ TƏQDİR EDİLİR
04.05.2018 12:15 Ecoreaksiya 1747
Kredit faizləri aşağı düşəcək, əlçatanlıq təmin olunacaq
Prezident İlham Əliyev "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Dəyişikliyə əsasən ipoteka krediti ilə mənzil almaq şərtləri yüngülləşdirilib.
Fərmana əsasən, ipoteka kreditinin verilməsinə dair tələblərdə də dəyişiklik olub. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına və ya qabaqcadan qeydiyyata alınmış yaşayış sahəsi ilə yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barəsində təminat qeydi aparılmış tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına veriləcək.
Ölkə başçısının yeni fərmanı ilə bağlı "Şərq”ə açıqlama verən İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, dəyişikliklərə əsasən vətəndaşlara kreditlərin verilməsi ilə bağlı müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlərdən biri kreditlərin faiz dərəcələrinin aşağı olmasıdır:
"Prezident tərəfindən ipoteka sisteminin sadələşdirilməsi ilə bağlı bir neçə fərman imzalanıb. Sonuncu fərmanda İpoteka və Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin alınması, satış öhdəliyi ilə kirayə verilməsi hüququ qeyd olunur. Təbii ki, bu həm də vətəndaşların kirayə hüququ və kirayə imkanlarından istifadəsi baxımından vacibdir. Həmçinin ipoteka fondu tərəfindən xidmətlərin elektronlaşması fərmanda öz əksini tapıb. Xidmətin elektronlaşması şəffaflığın güclənməsi və bütövlükdə prosedurların sayının azalmasında mühüm rol oynayır.
Fərmanda nəzərdə tutulan məqamlardan biri də ipoteka və digər kreditlərə subsidiyaların verilməsi mexanizmidir. Məsələn, sahibkar bankdan 18 faiz ilə kredit götürür, bu zaman onun 8 faizi fond tərəfindən subsidiya edilir, 10 faizi isə sahibkara verilir. Bu, imkan verəcək ki, sahibkar 18 faizlik kreditin yalnız 10 faizini ödəsin, digər 8 faizi isə ipoteka fondu tərəfindən subsidiya edilsin. Subsidiyaların verilməsi ipoteka kreditləri ilə yanaşı, digər kreditlərdə faiz dərəcələrinin aşağı salınması baxımından vacibdir. Bütövlükdə mövcud dəyişikliklərə əsasən ipoteka fondu vergilərdən azad edilir, bu da ipoteka fondunun maliyyə imkanlarının genişlənməsi deməkdir. Nəticədə fond tərəfindən daha çox maliyyə resurslarının cəlb edilməsi mümkün olacaq və daha çox kreditlərin verilməsi üçün bir zəmin formalaşacaq. Son dəyişikliklər həmçinin İpoteka Fondu tərəfindən verilən kreditlərin həcminin artmasına imkan yaradacaq. Ona görə də fondun fəaliyyətinin təkmilləşdirilməsi gələcəkdə daha aşağı faizli kreditlərin təklif edilməsi üçün zəmin yaradır”.
Şərhlər