Neftin qiyməti büdcədə 55 dollardan götürülsün - TƏKLİF
22.05.2018 15:21 Ecoreaksiya 1160
Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində proqnozlaşdırıldığından təqribən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir.
Bunu jurnalistlərlə söhbətində iqtisadçı millət vəkili Əli Məsimli deyib.
Millət vəkili bildirib ki, bütün bunlar büdcəyə yenidən baxılmasını zəruri edir.
Onun sözlərinə görə, büdcəyə dəyişikliyi zəruri edən amillərdən biri də 2018-ci ilin mart-may aylarında büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır:
“Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə, bunu demək çətindir. Ola bilsin, neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqlarına vəsait ayrılsın.
Bunlar müzakirə obyektidir. Deyilənlər 2018-ci ilin büdcəsinə baxılaraq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.
Deputat qeyd edib ki, əgər büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10 dollar qaldırıla bilər:
“Belə praktika olub. 2017-ci ilin büdcəsində neftin qiyməti 25 dollar götürülsə də, proqnozlaşdırıldığından baha olduğu üçün dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır.
Odur ki, məsələyə baxılıb neftin qiymətini büdcədə 55 dollar həcmində götürmək olar. Bu, məqbul variantdır”. (Oxu)
Şərhlər