Sahibkarların azadlığını tam təmin edəcək zona
06.06.2018 13:04 Ecoreaksiya 1068
Ekspert deyir ki, Azad İqtisadi Zona həm iqtisadi, həm siyasi cəhətdən Azərbaycan üçün böyük əhəmiyyətə malik olacaq
Milli Məclisin fevralın 13-də keçirilən plenar iclasında "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilk oxunuşda qəbul edildi və iyunun 4-də Prezident İlham Əliyevin fərmanı ilə qüvvəyə mindi. Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikası Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir. Qanunda bir sıra müddəalar öz əksini tapıb. Azad Zonada Azad Zona qanunvericiliyindən istifadə olunur və əsas iqtisadiyyat qanunvericiliyi yalnız bu Qanunda göstərilən hallarda tətbiq edilir. Azad Zona qanunvericiliyi ilə əsas iqtisadiyyat qanunvericiliyi arasında ziddiyyət yaranarsa, Azad Zona qanunvericiliyinə üstünlük verilir. Azad Zona səlahiyyətli qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və Azad Zonanın fəaliyyətində bəzi məsələlərlə bağlı tənzimləməni və nəzarəti həyata keçirir. Azad Zona səlahiyyətli qurumunun qabaqcıl beynəlxalq təcrübəyə və standartlara uyğun daxili qaydaları hazırlamaq, qəbul etmək və dəyişikliklər etmək, sahib olduğu səhmləri (payları) satmaq və ya onlar barəsində hər hansı digər şəkildə sərəncam vermək, zonanın fəaliyyəti ilə bağlı kömək və əməkdaşlıq üçün əsas iqtisadiyyat orqanlarına müraciət etmək, zona qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini müəyyən etmək, o cümlədən cərimələri tətbiq etmək və toplamaq kimi hüquqları var. Müvafiq icra hakimiyyəti orqanı Azad Zona səlahiyyətli qurumuna zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir. Azad Zona səlahiyyətli qurumu zona ərazisinin istənilən hissəsini istifadəyə, icarəyə vermək və ya barəsində başqa şəkildə sərəncam vermək hüququna malikdir.
Azad Zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququ var. Bu baxımdan Azad Zona səlahiyyətli qurumu bəzi mənbələrdən gəlir əldə edir. Bura tətbiq olunan rüsumları, developerlərdən və ya səlahiyyətli quruma məxsus digər hüquqi şəxslərdən alınan dividendlərdən və ödəmələrdən, dövlət tərəfindən təmin olunan hər hansı digər mənbələrdən gələn gəlirləri misal göstərmək olar. Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir. Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.
Qısaca olaraq qeyd edək ki, qanuna əsasən Ələt Azad İqtisadi Zonasına yüksək müstəqillik verilməsi nəzərdə tutulur. Burada əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla, Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili Azər Badamov bildirdi ki, Ələt Azad İqtisadi Zona Azərbaycanın iqtisadi inkişafına öz təsirini göstərəcək və bu zonanın fəaliyyəti Azərbaycan iqtisadiyyatında yeni bir mərhələ açacaq: "Ələt Azad İqtisadi Zona üçün xüsusi qanun hazırlanıb və qanunda zonada fəaliyyət göstərəcək rezidentlər üçün bəzi özəl şərtlər müəyyənləşib. Yəni bura investisiya qoyacaq investorların maraqları tam şəkildə qorunur. Onlar sərbəst şəkildə maliyyələrini müəyyən olunmuş ərazilərə yatıra bilirlər. Ələt Azad İqtisadi Zonasında həm də böyük vergi güzəştləri tətbiq olunur. Fəaliyyətin təşkili istiqamətində ciddi addımlar atılır. Düşünürəm ki, bu istiqamətdə görülən işlər zonaya investorların marağını daha da artıracaq. Bunu həm də sahibkarlığın inkişafına verilmiş bir töhfə kimi qəbul etmək olar. Ələt Azad İqtisadi Zonanın fəaliyyəti həm də yeni rezidentlərin açılışı, yeni iş yerlərinin yaradılması deməkdir. Yəni Azərbaycan vətəndaşları gedib həmin iqtisadi zonada öz əməklərini sərfə edəcək, həm də gəlir götürəcəklər. Həmçinin Ələt Azad İqtisadi Zonada istehsal olunan mallar xarici bazarlara sərbəst şəkildə beynəlxalq qanunlarla ixrac ediləcək. Bu Azad İqtisadi Zona demək olar ki, həm iqtisadi, həm siyasi cəhətdən Azərbaycan üçün böyük əhəmiyyətə malik olacaq. Azad Zonanın yaxınlığında Ələt Beynəlxalq Dəniz Ticarət Limanının da fəaliyyətə başlaması Ələt Azad İqtisadi Zonanın beynəlxalq arenaya inteqrasiyasını daha da asanlaşdıracaq. İstehsal olunan malların xaricə göndərilməsində və xaricdən lazım olan xammalların gətirilməsində xüsusi rolu olacaq”.
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov deyir ki, Azərbaycan, açıq dənizə çıxışı olmadığına rəğmən, Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməyi qarşıya məqsəd qoyub: "Bunu ölkənin beynəlxalq ticarət və logistika sahəsində böyük potensiala malik olması faktı da tələb edir. Bu mənada, Prezident İlham Əliyevin 2 il öncə imzaladığı müvafiq Sərəncama uyğun olaraq, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası (ATZ) tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlərə də start verilməsi böyük əhəmiyyətə malik oldu. Ümumiyyətlə, ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsi, beynəlxalq standartlar səviyyəsində inkişaf etdirilməsi sahəsində son illər ərzində görülən işlərin regional tranzit mərkəzinə çevrilmək məqsədi daşıdığını nəzərə alsaq, ATZ-nin yaradılması təşəbbüsü bu istiqamətdə atılan ən təqdirəlayiq addımdır. Belə ki, Ələtdə yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "zəncirin mərkəzi halqasını" təşkil edir. Yəni, adı çəkilən liman istər-istəməz bütün daşımaların ortaq nöqtəsinə - mərkəzinə çevriləcəyindən, burada Azad Zonanın olması bu işlərə əlavə sürət verəcək”.
Ekspert bildirir ki, zonanın yaradılması asan və qısa müddətə nail olmaq mümkün deyil: "Belə ki, sözügedən məsələ kompleks tədbirlər planı işləyib hazırlamağı və həyata keçirtməyi tələb edir. Məqsədə çatmaq üçün isə qanunvericilikdən başlamış, xarici təcrübənin tətbiqinə qədər uzun bir yol keçilməlidir. Azad Zonanın fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimi müəyyən edilməlidir. Ümumiyyətlə, qanunda Ələt İqtisadi Zonanın səlahiyyətli qurumunun səlahiyyətləri, bu qurumun maliyyə mənbələri, developerin (Azad Zona səlahiyyətli qurumu tərəfindən Azad Zonanın fəaliyyət və inkişaf məqsədləri üçün təsis olunan Azad Zona inzibati müəssisəsi) hüquq və vəzifələri, developerin maliyyələşdirilməsi yolları, Azad Zona hüquqi şəxslərinin fəaliyyəti, lisenziyalaşdırma və icazə qaydaları, Azad Zonada vergi tənzimlənməsi, gömrük işinin təşkili, sərhəd rejimi və sair məsələlərlə bağlı hüquq və vəzifələr öz əksini tapır”.
İqtisadçı Ekspert Fikrət Yusifov son dövrlər Ələt Azad İqtisadi Zona haqqında kifayət qədər danışıldığını və bu istiqamətdə ciddi addımların atıldığını qeyd etdi: "Cənab Prezidentin imzaladığı fərmanla qanun qüvvəyə mindi. Ələtdə tikilən Beynəlxalq Dəniz Limanı, orada yaradılan iqtisadi zona haqqında da çox söhbətlər olub. Artıq bütün bu işlər elə bir səviyyəyə gəlib çatıb ki, Ələt Azad İqtisadi Zona ilə bağlı məsələlərin həllinin hüquqi tərəfləri lazımdır. Yəni qanunun tətbiq edilməsi və onun əsasında da işlərin görülməsi şərtdir. Xüsusi iqtisadi zonanın öz xüsusiyyətləri, müəyyən tələbləri var və bunların hamısı qanunda nəzərdə tutulub. Bu gün orada yeni müəssisələrin açılması, yeni hüquqi şəxslərin fəaliyyətə başlaması tələb edir ki, qurulan işlərin hamısı hüquqi müstəvidə, qanuna söykənərək həll edilsin. Hesab edirəm ki, bu, çox vaxtında və yerində qəbul edilmiş bir qanundur. Belə ki, bu qanunun tətbiqi həm yerli iş adamlarına, həm də xaricdən gəlmiş investorlara işlərini hüquqi müstəvidə, hüquqi əsaslarla yerinə yetirməyə imkan verəcək”.
Şərhlər