Azərbaycanda qaz istehsalı, neft-qaz emalına elektron qaydada icazə alınacaq

20.06.2018 13:09     Ecoreaksiya     1190

Dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlər elektron qaydada Energetika Nazirliyindən qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazə ala biləcək.

Bu,Energetika Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və bu aydan qüvvəyə minən “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentdə əksini tapıb.

Bu xidmət qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir. Elektron xidmət “minenergy.gov.az”, "e-xidmet.minenergy.gov.az", "e-gov.az" və “dxr.az”  elektron ünvanlarında təqdim edilir.  Elektron xidmətin göstərilməsi üçün elektron imza ilə təsdiq olunmuş ərizə tələb olunur. Ərizəyə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin və ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa), müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi əlavə edilməlidir. İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

 

Reaksiya.az

Şərhlər