Azərbaycan tam üzən məzənnəyə keçəcəkmi? - Ekspertin şərhi
19.07.2018 21:11 Ecoreaksiya 1127
2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacağı qeyd edilir. Qənaətimə görə, 2015-ci ilin dekabr ayında verilmiş və manatın məzənnəsinin valyuta bazarda tələb-təklif əsasında formalaşmasını nəzərdə tutan qərar doğru deyil.
O dövrdə də bunun mümkün və məsləhət olmadığını qeyd etmişdik. Sonrakı proseslər bu fikirləri təsdiq etdi və Mərkəzi Bank haqlı olaraq manatın məzənnəsini real olaraq əvvəlki qaydada müəyyənləşdirməyə başladı.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.
Ekspert qeyd edib ki, mart ayından bu yana manatın ABŞ dollarına olan məzənnəsi 1,7000 səviyyəsində qalıb:
“Belə məzənnə ancaq fiksə olunmuş siyasətdə mövcuddur. Müqayisə üçün bildirim ki, bizimlə təxminən eyni dövrdə üzən məzənnəyə keçdiyini elan etmiş Rusiya və Qazaxıstanda milli valyutaların dollara olan məzənnəsi manatda olduğu kimi “daşlaşmış” deyil. 2018-ci ilin birinci yarım ilində Azərbaycanda 1 dolların manata olan rəsmi məzənnəsi 1,7000-1,7001 intervalında qaldığı halda, Rusiyada ABŞ valyutasının rəsmi məzənnəsi 56,9-64,1 rubl, Qazaxıstanda isə 318-343 tenge arasında dəyişib”.
Samir Əliyev qeyd edib ki, əgər bu ölkələrdə məzənnə hətta idarəolunan olsa belə, bu intervalda oynayırsa, Azərbaycanda daha sərt və qeyri-sabit ola bilər:
“Azərbaycanda 2020-ci ildə də tam üzənnə rejiminin tətbiqi real görünmür. Nə qədər ki, iqtisadiyyatın neftdən asılılığı yüksəkdir, diversifikasiya olunmayıb manatın Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməsi daha yaxşıdır”.
Şərhlər