Rubl, lirə, rial ölür: manata necə təsir edəcək? - Şərh
20.07.2018 15:12 Ecoreaksiya 1202
Azərbaycan manatının məzənnəsinə neftlə yanaşı, Azərbaycanın qeyri-neft ixracatında aparıcı paya malik olan ölkələrin valyutalarının məzənnəsinin necə dəyişməsi də təsir edir.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, manatın sabit qalması üçün əsas faktor neftdir:
“Çünki neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmini müəyyənləşdirir. Neftin dünya bazar qiyməti yüksək olduğu halda ölkəyə daha çox valyuta daxil olur ki, bu da sözsüz ki, Azərbaycan manatının məzənnəsi üçün əhəmiyyətlidir. Azərbaycanın strateji valyuta ehtiyatları bu ilin ilk yarım ilində artaraq, 44,3 milyard dollar olub və bu, çox yaxşı göstəricidir”.
Ekspert bildirib ki, qonşuların milli valyutasının durumu bizim üçün mühümdür:
“Xüsusilə rublun məzənnəsi Azərbaycan üçün əhəmiyyətlidir. Çünki Azərbaycanın qeyri-neft ixracatının 36%-i Rusiyanın, 24%-i isə Türkiyənin payına düşür. Sadəcə olaraq, Türkiyəyə göndərdiyimiz məhsulların müqayisəli üstünlüyü var. Burada enerji məhsulları xüsusi yer tutur. Nəticə etibarı ilə türk lirəsinin ucuzlaşması Azərbaycan manatına birbaşa təsir etmir. Amma rus rublunun məzənnəsi manatın məzənnəsinə təsir etmək imkanına malikdir. Çünki Azərbaycan aqrar ixracatının 90%-i Rusiya bazarının payına düşür. Əgər Rusiyada rubl kəskin ucuzlaşırsa və manatın məzənnəsi dəyişmirsə, o zaman Azərbaycan məhsullarının Rusiya bazarında rublla ifadəsi baha olur. Nəticədə sözügedən məhsulların rəqabət imkanları xeyli azalır. Ona görə də rublun kəskin ucuzlaşması Azərbaycanın Rusiya ixracatına mənfi təsir göstərir. Bu da manata psixoloji təsir yaradır”.
V.Bayramov qeyd edib ki, neft iqtisadiyyatın əhəmiyyətli hissəsini formalaşdırır:
“Azərbaycan ixracatının 90%-i neftin payına düşməsinə baxmayaraq, neft sektoru məşğulluğun cəmi 7%-ini verir. Məşğulluğun 93%-i qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun bu kontekstdən əhəmiyyəti artır. 2017-ci ildə Azərbaycanın qeyri-neft ixracatı 1,5 milyard dollar olub. Nəzərə almaq lazımdır ki, 1,5 milyard dollarlıq ixracat kifayət qədər böyük məşğulluq yaradır. Ona görə də qeyri-neft sektorunun məzənnə baxımından da dəstəklənməsinə ehtiyac var”.
Ekspertin bildirib ki, Mərkəzi Bankın fiks deyil, interval məzənnə siyasəti həyata keçirməsini təklif edirlər:
“Bu zaman Mərkəzi Bank artıq qonşu ölkələrdəki məzənnə dəyişikliklərinə uyğun olaraq, manatın məzənnəsini müəyyənləşdirə biləcək. Eyni zamanda, həm biznesin, həm cəmiyyətin interval məzənnəyə adaptasiyası da həyata keçirilməlidir. Çünki manatın dollara nisbətən məzənnəsi uzun müddətdir ki, stabilləşib və dəyişmir. Amma üzən məzənnədə məzənnənin müəyyən intervalda dəyişməsinə ehtiyac var. Ən azı Rusiya misalını göstərək ki, rubl müəyyən interval çərçivəsində dəyərini dəyişir. Ona görə də Azərbaycanın tənzimlənən intervalda manatın məzənnəsini müəyyənləşdirməsi daha məqsədəuyğun olardı. Bu, həm üzən məzənnəyə keçidin təmin edilməsi baxımından, həm də qonşu ölkələrdə milli valyutaların dəyişməsinə uyğun olaraq, manatın kursunun uyğunlaşdırılmasının həyata keçirilməsinə imkan verə bilər”.
Qeyd edək ki, son günlər İran rialı ciddi dəyər itirib, lirə və rublun da ucuzlaşması müşahidə olunur.
Şərhlər