"SOCAR AQŞ” yaxın aylarda Banqladeşdə ilk quyuda qazma işlərini yekunlaşdırmağı planlaşdırır
26.07.2018 14:39 Ecoreaksiya 1122
SOCAR AQŞ” şirkəti yaxın 45-50 gün ərzində Banqladeşdə ilk quyuda qazma işlərini yekunlaşdırmağı planlaşdırır.
Bu barədə “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib.
"2017-ci ildə "SOCAR-AQŞ" ilk dəfə Azərbaycandan kənarda ilk beynəlxalq tenderdə iştirak edərək qalib gəlib. Banqladeşdə işlərimiz uğurla davam etdirilir. Hazırda bir qazma qurğusu ilə işlər aparılır. İlk quyunun ilk iki hissəsi qazılaraq tamamlanıb. İşlərin yaxın 45-50 gündə tamamlanması planlaşdırılır"-, baş direktor qeyd edib.
O xatırladıb ki, müqavilə 3+1, yəni 4 quyuluqdur və 35 mln. dollar dəyərindədir.
Qeyd edək ki, “SOCAR-AQŞ” Bangladeş Neft Kəşfiyyatı və Hasilatı Şirkətinin (“Bangladesh Petroleum Exploration & Production Company Limited”- BAPEX) elan etdiyi beynəlxalq tenderdə qalib gəlib. Bununla bağlı imzalanan müqavilə 3+1, yəni 4 quyuda qazma işlərini nəzərdə tutur. Beləliklə, “SOCAR AQŞ” Banqladeş Xalq Respublikasının “Semutang South-1”, “Begumganj-4’’ və “Madarganj-1” və “Shariatpur” qaz yataqlarında qazma və quyu tikintisi xidmətlərini görməlidir.
Xatırladaq ki, “SOCAR-AQŞ” MMC qazma xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti müasir texnika və texnologiyalardan istifadə etməklə quyu tikintisinə dair tam xidmətlər paketini təklif etməkdən ibarətdir.
Hazırda “SOCAR AQŞ” “Dayazsulu Günəşli”, “Qərbi Abşeron”, “Ümid”, “Bulla” yataqlarında ümumilikdə 5 platformadan 6 qazma qurğusu ilə qazma işləri aparır.
“SOCAR AQŞ”nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir.(report)
Şərhlər