Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur
13.09.2018 15:03 Ecoreaksiya 1210
Sentyabrın 13-də Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Musavat.coma- verilən məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunub. Qeyd olunub ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir.
AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd etmişdir ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırmışdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğrultmuşdur və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılmışdır. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.
Öz növbəsində, “Buta Airways” (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirmişdir ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olmuşdur. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açmışdır. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək.
“Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulamışdır ki, AZAL, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilmişdir.
Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax” şirkəti tərəfindən maksimal 5 ulduz statutusuna layiq görülərək və dünyanın bu statusa malik doqquzuncu hava limanı olaraq, bu il yüksək beynəlxalq səviyyədə tanınmışdır. Cari ilin 8 ayında Bakı hava limanı 3,080 milyon sərnişinə xidmət göstərmişdir ki, bu da regiondakı bütün digər aeroportların göstəricilərini üstələyir. Müqayisə üçün: bu dövrdə Tbilisi aeroportu 2,565 milyon sərnişinə xidmət göstərmişdir, Yerevan və Gümrü hava limanlarının ümumi sərnişin dövriyyəsi isə 1,873 milyon nəfər təşkil etmişdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu həmçinin böyük bir yük habıdır. Böyük İpək Yolunun bir hissəsi kimi o, Asiya, Avropa və digər qitələr arasında yük daşımalarında tranzit məntəqəsidir. Hazırda “Silk Way West Airlines” yük aviadaşıyıcısının təyyarə parkının genişləndirilməsi, xüsusilə donanmaya yeni “Boeing 777-F” təyyarələrinin əlavə olunması üzrə danışıqlar aparılır.
Cahangir Əsgərov AZAL-ın bütün struktur bölmələrinin göstəricilərinin müntəzəm monitorinqinin aparılmasına, şərəfli və məsuliyyətli vəzifə olan yeni tipli “Boeing 737 MAX” и “Boeing 777-F” təyyarələrini öyrənməsi üçün uçuş heyətinin hazırlığına tapşırıq vermişdir. Təbii ki, bütün bu vəzifələr uçuşların yüksək təhlükəsizlik səviyyəsinə uyğun olmalıdır.
“Rəsmən bəyan edirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun qapıları bütün aviaşirkətlər üçün açıqdır, biz əlçatanıq və hər bir istəyi yerinə yetirməyə hazırıq. Yaxın və uzaq xaricdən aviaşirkətləri xidmətlərin bütün spektrini ən yüksək səviyyədə təklif edən bizim gözəl Heydər Əliyev Beynəlxalq Aeroportuna uçmağa dəvət edirəm", deyə AZAL prezidenti bildirmişdir.
Cahangir Əsgərov qeyd etmişdir ki, yeni reyslərin açılması nəzərə alınmaqla, 2020-ci ilin sonuna Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi ildə 7 milyon sərnişindən artıq olmalıdır: “Bu, bizim prioritet vəzifəmizdir və biz onu yerinə yetirməliyik”.
Şərhlər