Bank kreditlərinin “yüksək faiz” bəlası: ekspert çıxış yolunu göstərdi

21.09.2018 12:19     Ecoreaksiya     1319

Vüsalə Əhmədova: “Problemli kreditlərin yaranmasını önləmək üçün başlıca çıxış yolu ”faizsiz bankçılıq" sisteminin tətbiqidir"

Azərbaycanda bank sektorunun, biznesin, vətəndaşların, bütövlükdə iqtisadiyyatın ən böyük problemi bankların düzgün qurulmayan kredit siyasəti və tətbiq etdikləri yüksək faizlərdir. Məhz bunun nəticəsidir ki, 2014-cü ilin sonlarından başlayaraq problemli kreditlərin həcmi sürətlə artdı və hələ də proses həllini tapmayıb. İki illik fasilədən sonra hazırda banklarda kreditlərin verilməsi bərpa edilsə də, faizlər yüksək olaraq qalır. Xüsusən də manatla kreditlər üzrə faizlər əksər banklarda 30 faizə yaxındır.

Bəs görəsən, xarici təcrübədə kredit siyasəti, xüsusən də faizlər necə tənzimlənir? Qonşu ölkələrdə vəziyyət Azərbaycandan nə qədər fərqlənir? Ölkəmizdə tətbiq edə biləcəyimiz müsbət nümunələr varmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Vüsalə Əhmədova bildirdi ki, digər ölkələrlə müqayisədə Azərbaycanda kredit faizlərinin kifayət qədər yüksək olması danılmaz faktdır: “İstehlak kreditlərinə nəzər salsaq görərik ki, ən sərfəli faizlə kredit təklif edən banklarda belə kredit faizləri hər min manat üçün 26%-33% təşkil edir. Bankların bir çoxunda isə qeyri-müştərilərə istehlak krediti heç verilmir, həmçinin müxtəlif şərtlər qoyulur. Bir qismində əmək haqqını və ya təqaüdünü sözügedən bankın kartı ilə alan müştərilərə və ya həmin bankda əmanəti olan müştərilərə kredit ayrılır. Bundan əlavə, məbləğindən və müddətindən asılı olmayaraq zamin, rəsmi əmək haqqının olması, o cümlədən müştərinin Abşeron və ya Bakı qeydiyyatının olması şərti qoyulur, güc strukturlarında, neft sahəsində və ya nüfuzlu şirkətlərdə çalışanlara üstünlük verilir. Bəzi banklar isə hazırda yalnız lombard krediti təklif edirlər. Qızıl zinət girovu ilə kredit verən həmin banklar kredit faizindən əlavə ən az halda 1% komissiya haqqı da tələb edirlər. Bunun əksinə, əhalidən cəlb edilən əmanətlərin faizləri isə hər il aşağı salınır. Hazırda manatla yerləşdirilən əmanətlər üçün ən yaxşı halda 6%-11% depozit faizləri təklif edilir”.

İqtisadçı müqayisə apararaq bildirdi ki, Türkiyədə istehlak kreditlərinin faizləri cəmi 2,45%-2,89% təşkil edir:“İstehlakçılara təhsil, nikah, turistik, ev əşyalarının alınması, səhiyyə, alış-veriş və bir sıra digər ehtiyaclara yönəlik kreditlər təklif olunur. Bundan başqa, kredit üçün müştərilərin online müraciət etmələrinə və zaminsiz kredit əldə etmələrinə imkanlar yaradılır. 2018-ci il üçün Türkiyə banklarına TL ilə yerləşdirilən əmanət faizlərinin isə kifayət qədər sərfəli olması diqqəti cəlb edir (14-22 faiz). Eynilə qonşu Rusiyada kredit faizləri Türkiyədə olduğu qədər olmasa da, ölkəmizdəkindən aşağıdır (10,9-14,9 faiz). Bu ölkədəki əmanət faizləri isə təxminən 9,5-10 faiz təşkil etsə də, müddəti dolmadan məbləğin götürülməsi və ya artırılması kimi müxtəlif imkanlar yaradılır”.

V.Əhmədova da hesab edir ki, ölkəmizdə kredit faizlərinin yüksək olması təbii olaraq problemli kreditlərin ildən-ilə artmasına gətirib çıxarır: “Belə ki, 2017-ci ilin sonunda ölkə banklarında problemli kreditlər 1.626,7 milyon manat idi. Bu ilin əvvəli ilə müqayisədə isə problemli kreditlərin həcmi 84 milyon manat yüksəlib. Başqa sözlə, ilin əvvəlinə nisbətən problemli kreditlər 5,2 faiz artıb. Problemli kreditlərin böyük hissəsi dollar kreditlərinin payına düşür. Belə ki, dollarla problemli kreditlərin məbləği 877 milyon manat, manatla olan problemli kreditlər isə 833 milyon manat təşkil edir. Problemli kreditlərin məbləğinin devalvasiyadan sonra daha çox artdığı söylənilə bilər. Ölkədə orta aylıq əmək haqlarının 200-400 manat arasında olduğu bir şəraitdə, yüksək faizlərlə götürülən kreditlərin geri ödənməsi vətəndaşlar üçün çətinlik törədir. Ailələrin çoxunda kreditin aylıq ödənişi ailənin gəlir həddindən yüksək olur. Mərkəzi Bank isə devalvasiyadan sonra nə depozitlər, nə də kreditlər üçün heç bir kompensasiya siyasəti həyata keçirmədi”.

V.Əhmədova bank sektorunda “faizsiz bankçılıq” sisteminin tətbiqini tövsiyə etdiyini vurğuladı: “Tutaq ki, şəxs bankdan kredit götürüb və onu istehsala yönəldib. Amma qurduğu biznes müəyyən səbəblərdən alınmayıb, ya fövqəladə hadisə, ya devalvasiya, ya böyük inflyasiya baş verib. Məhz bunlar problemli kreditlərin yaranmasının əsil səbəbidir. Bu cür problemlərdən çıxış yolu kimi, ”faizsiz bankçılıq" sisteminin nəzərdən keçirilməsini tövsiyə edərdim. 1970-ci illərdə Körfəz ölkələrində tətbiq edilməyə başlanılan, daha sonra bəzi Qərb ölkələrində də tətbiq edilən bu növ bankçılıq ənənəvi banklardan önəmli ölçüdə fərqlənir. Beynəlxalq arenada ənənəvi bank xidmətləri təqdim edən bir çox nüfuzlu beynəlxalq maliyyə qurumları da bir sıra faizsiz bankçılıq xidmətləri təqdim etməkdədirlər. Türkiyədə “katılım bankçılığı” olaraq adlandırılan faizsiz bankçılıq türk bank sistemində üç bank növündən biri sayılır. Hazırda dünyanın 80-ə yaxın ölkəsində 300-dən çox bank “faizsiz bankçılıq” xidmətləri təqdim etməkdədir. Bu model bir növ investisiya bankı xüsusiyyətini daşısa da, fəaliyyət sistemi və fəlsəfəsi tam fərqlidir. Modelin ən önəmli xüsusiyyətlərindən biri də xarici investisiyaları ölkəyə cəlb etməsidir. Faizsiz maliyyə sisteminin bir sıra spekulyativ fəaliyyətlərə girişməməsi iqtisadi böhrandan daha az zərərlə çıxmasına zəmin yaradır".

Ekspert həmçinin Azərbaycanda faizsiz bankçılığın Malayziya modelinin özünü doğruldacağını qeyd etdi: “Dünya üzrə ”faizsiz bankçılıqda" iki əsas model mövcuddur. Bunlardan birincisi Körfəz ölkələrində tətbiq edilən və daha mühafizəkar sayılan “Körfəz” modeli, digəri isə uzaq Şərq ölkələrində tətbiq edilən “Malayziya” modelidir. Malayziya modeli ölkəmizin iqtisadi strukturu nəzərə alınaraq tətbiq edilərsə, düşünürəm ki, müsbət nəticələr əldə oluna bilər. Faizsiz bank modeli bir sıra xidmətlər təqdim edir ki, onlardan əsas olanları nəzərinizə çatdırmaq istərdim:

“İstisna” - daha çox inşaat layihələrinin maliyyələşdirilməsində istifadə edilən xidmət növüdür. Yəni bank hazırda mövcud olmayıb gələcəkdə inşa ediləcək daşınmaz əmlakın satın alınmasını təmin edir. Müştəri müəyyən bir miqdar ilkin ödəniş edərək daşınmaz əmlakı satın alır, qalan miqdarı isə bank ödəyir. Müştəri daha sonra bankın ödədiyi məbləği banka hissə-hissə geri qaytarır.

 “Mudarabe” - bu xidmət növündə bank, müştərisi olan sahibkara investisiya üçün ehtiyacı olan maliyyə dəstəyini tam olaraq təmin edir. Daha sonra icra edilən biznes fəaliyyətindən əldə olunan mənfəətin, əvvəlcədən müəyyən olunan nisbətdə bank və müştəri arasında pay bölgüsü həyata keçirilir. Zərər yaranarsa və bunda müştərinin heç bir səhvi olmazsa, bank zərəri öz üzərinə götürür. Sistem əsasən ticari əməliyyatların maliyyələşdirilməsində istifadə olunur.

“Murabaha” - kiçik və orta sahibkarlara qısa və orta müddətli kreditlərin çevik mexanizmlə təqdim edilməsidir. Bu xidmət növündə bank müştərisinin istədiyi malı satın alaraq ona təqdim edir. Müştəri isə malı satdıqdan sonra malın ilkin dəyərini və satışdan əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunan bir qismini banka ödəyir.

“Müşareka” - bu xidmət növündə isə bank və müştərisi ortaq investisiya qoyuluşu həyata keçirirlər. Ortaq investisiya qoyuluşu nəticəsində icra edilən işdən əldə olunan mənfəətin əvvəlcədən müəyyən olunduğu nisbətdə pay bölgüsü həyata keçirilir. Müştəri icra edilən işə, investisiyaya əlavə olaraq həm də əmək sərf etdiyi üçün təbii olaraq daha çox pay götürür. Hər hansı zərər yarandıqda isə ortaqlar (bank və müştəri) qoyduqları sərmayə nisbətində risk daşıyırlar. Bu metodla əsasən sənaye sahələrinin maliyyələşdirilməsi təmin edilir.

“Muzaraa” - kənd təsərrüfatı sahəsində ortaq işlərin icra edilməsini təmin edən bir xidmət növüdür. Bu zaman ərazi və avadanlıqların alınması və s. üçün investisiya qoyuluşu həyata keçirilir. Əldə olunan məhsulun isə əvvəlcədən müəyyən edilmiş nisbətlərdə ortaqlar arasında pay bölgüsü aparılır".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar