"Neft hasil edən ölkələrin əksəriyyəti bu problemləri yaşayır"
11.08.2015 14:40 Ecoreaksiya 2720
Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı üçün ilk növbədəbazarda azad rəqabəti təmin etmək, kreditlərlə bağlı şərtləri yüngülləşdirmək və əhalinin orta təbəqəsinin gəlirlərinin artmasına daha çox şərait yaratmaq lazımdır.
Bunu Reaksiya.Az-a açıqlamasında iqtisadçı ekspert Nazim Məmmədov bildirib.
“Prezident də son çıxışında vurğuladı ki, iqtisadiyyat şaxələnməlidir, dövlətin gəlirində qeyri-neft sektorunun payı artırılmalıdır. Şübhəsiz ki, hazırda dünya bazarında neftin iki dəfə ucuzlaşması Azərbaycanın da gəlirlərinə təsir edib. Ümumiyyətlə, neft hasil edən ölkələrin əksəriyyəti bu problemləri yaşayır, çünki neftdən gələn mənfəət çox zaman ölkələri arxayınlaşdırır. Lakin elə ölkələr də var ki, qeyri-neft sektorunu yüksək səviyyədə inkişaf etdiriblər. Azərbaycanda bu istiqamətdə bəzi problemlər var ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Yüngül sənayedə, turizmdə həm sahibkarlara, həm də istehlakçılara əlverişli şərait yaradılmalıdır”,- deyə eskpert vurğulayıb.
O qeyd edib ki, kreditlərin yüksək faizlə verilməsi orta təbəqənin inkişafına imkan vermir: “Vətəndaşda çox pul olmalıdır ki, dövlətə daha çox vergi versin. Şirkətlərin qeydiyyatı vahid pəncərədən gerçəkləşsə də, biznes fəaliyyəti üçün bir sıra bürokratik əngəllər qalmaqdadır. Həmçinin kiçik məmurların da maaşları normallaşdırılmalıdır ki, sahibkara “yağlı tikə” kimi baxmasınlar. Bir tərəfdən də kiməsə güvənən bəzi şirkətlər başqalarını bazardan sıxışdırmağa, monopoliya yaratmağa çalışırlar. 2012-ci ilin yayından başlayaraq "Baku steel company" MMC-nin rəhbəri kimi qeyd olunan Rasim Məmmədovun digər metal istehsalı müəssisələrinə təşkil etdiyi "reyder hücumları" ölkədə biznes dözümsüzlüyünü nümayiş etdirdi və ölkəmizin imicinə çox ciddi ziyan vurdu”.
N.Məmmədov hazırda turizm sektorundakı vəziyyətin cəmiyyətdə narazılıq yaratdığını vurğulayıb: “Prezident İlham Əliyev də son müşavirədə turizm sahəsindəki problemlərdən danışdı. Ölkədə ucuz otellər və hostellər çox azdır. Otellər əsasən Bakıda toplaşıb. Bölgələrdə turizmin inkişafı üçün böyük potensial var, lakin bu istiqamətdə sistemli iş aparılmır. İstirahət çox baha başa gəlir. İnsanlarımız istirahət üçün Şimali Qafqaza, Gürcüstana üz tutur. Əgər bəzi işbazlar xidmətləri daha ucuz və keyfiyyətli etsələr, bu sahəni sürətlə inkişaf etdirmək olar”.
Şərhlər