Sosial evlərin satışında narazalığı aradan qaldırma yolları... – Ekspert

24.01.2019 13:51     Ecoreaksiya     1023

Sabah Yasamal Yaşayış Kompleksində yerləşən 174 sosial mənzil satışa çıxarılacaq. Elektron satış sabah saat 11:00-da başlayacaq və fevral 8-də eyni saatda başa çatacaq. Birinci satışda olduğu kimi bu dəfə də “İlk müraciət - ilk mənzil” prinsipi tətbiq ediləcək.

Bunu iqtisadçı Vüqar Bayramov özünün sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, sosial ev almaq üçün 10 min nəfərin qeydiyyatdan keçdiyi nəzərə alınsa, bu o deməkdir ki, ev almaq istəyində olanların 2 faizindən azı mənzilə sahib olacaq. 98 faiz isə seçim edə bilməyəcək:

“Təbii ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hazır olan evləri satışa çıxarır. Yasamal Yaşayış Kompleksində bütövlükdə 1843 ailəni mənzillə təmin ediləcək. Kompleks mövcud qeydiyyatdan keçmiş tələbin 18 faizindən bir az artdığını ödəyəcək.

Sabahkı satışda mənzil sahib olacaq ailələrlə seçim edə bilməyənlərin nisbətinə diqqət yetirsək aydındır ki, elektron satışda iştirak edənlərin böyük əksəriyyətinin ev alması texniki baxımdan mümkün deyil. Ən azı ona görə ki, mənzillərin sayı məhduddur.

MİDA Yasamalda, daha sonra Hövsanda mənzilləri mərhələləri şəkildə satışa çıxaracaq. Agentliyin tələbi tam və ya əsasən qısa zamanda ödəməsi texniki baxımdan mümkün deyil. Bununla belə, satış zamanı narazılıqların olmaması, eləcə də prosesin təkmilləşdirilməsi üçün aşağıdakıların tətbiqini məqsədəuyğun hesab edirik:

1. Əvvəllər də qeyd etdiyimiz kimi, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipli seçimi birmənali qarşılanmır.

Doğrudur, belə seçim şəffaflığın təmin edilməsi üçün texniki imkanlar yaradır, kənar müdaxilələri minimumlaşdırır və əslində uyğun Strateji Yol Xəritəsində də bu meyar qeyd edilib. Bununla belə, “first-come, first-served” və ya “İlk müraciət - ilk mənzil” prinsipinin özünün qruplaşdırılması mümkündür, bu zaman ev sahib ola bilməyənlərin arasındakı inamsızlığı aradan qaldırmaq olar.

Çünki mövcud qaydalara görə, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Aydındır ki, bu yanaşma daha çox texniki vərdişlərlə bağlıdır.

Bu baxımdan güzəştli kateqoriya prinsipi saxlanılmaqla “çevik seçim” mexanizmi çərçivəsində sosial sub-qruplaşmada tətbiq olunması vacibdir. Daha məqsədə uyğun olardı ki, MİDA müraciətlərinin sosial strukturuna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar (həssas qruplar) evlə təmin edilməlidir.

Həssas qrupların müəyyənləşdirilməsində qanunvericilikdə boşluq olduğu halda bununla bağlı hüquqi bazanın möhkəmləndirilməsi mümkündür. Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər.

Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədəuyğundur.

2. 2019-cu ildə dövlət büdcəsinin xərclərinin 17 faizi artacağını nəzərə alsaq bu istiqamətə daha çox vəsaitin ayrılması mümkündür.

Belə ki, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.

Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq.

Mənzillərin qiyməti həmin ərazidə yerləşən analoji mənzil ilə müqayisədə aşağı olsa belə, sosial mənzillərin qiymətinin daha da ucuzlaşması məqsədəuyğun olardı. Təklif edirik ki, dövlət sosial mənzillərin inşası ilə bağlı xərcin bir hissəsini öz üzərinə götürsün.

Xərcin kompensasiya edilməsi nəticə etibari ilə qiymətin aşağı düşməsinə gətirib çıxardacaq. Mənzillərin xərcinin üçdə biri dövlət hesabına kompensasiya edilə bilər. Burada əvəzsiz kompensasiyadan söhbət gedir. Bu, sosial kredit üçün ödənilən aylıq ödənişlərin də qiymətinin aşağı düşməsinə səbəb olar.

Odur ki, biz xərcin üçdə birinin dövlət tərəfindən əvəzsiz olaraq qarşılanmasını təklif edirik və hesab edirik ki, bu, aztəminatlı vətəndaşların maraqları baxımından daha faydalıdır. Bu halda 1 otaqlı mənzilin qiyməti 19950 manata, 2 otaqli mənzilin qiyməti 31521 manata, 3 otaqli mənzilin qiyməti isə 43750 manatadək azalacaq. Buna uyğun olaraq aylıq ödənişlər orta hesabla 1 otaqlı mənzil üçün 87 manata, 2 otaqlı mənzil üçün 147 manata, 3 otaqli mənzil üçün isə 188 manatadək azala bilər. Bu isə aztəminatlı ailələr üçün daha məqbul hesab oluna bilər.

3. MİDA tərəfindən hər elektron satışda mənzil alan şəxslərin ad və soyadları, onların hansı güzəştli qrupa aid olunması ilə bağlı siyahının mətbuat vasitəsi ilə yayımlanması və agentliyin internet səhifəsində yerləşdirilməsi məqsədəuyğun olar.

4. Ötən həftə “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na edilən dəyişikliklər etiraf etmək lazımdır ki, mütərəqqidir və bu baxımdan satış mexanizminin daha da təkmilləşdirilməsi imkanları var.

Yeniliklərdən biri “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını almasıdır.

“Güzəştli mənzil” sistemində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Yəni, əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq gözləmə qaydasında həmin mənzil birinci sırada seçmiş şəxsə təklif ediləcək.

Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Digər dəyişiklik agentlik tərəfindən mənzillərin satış qiymətinə tətbiq edilən əlavə endirimlərdən yararlanmaq istəyən vətəndaşlar üçündür. Bu yeniliyə əsasən mənzilləri öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək almaq istəyən şəxslər üçün satış elanı veriləcək.

Qeyd edək ki, “güzəştli mənzil” sistemində olan bu yeniliklər 2019-cu il mayın 1-dən etibarən tətbiq ediləcək”

Reaksiya.az

Şərhlər

Çox oxunanlar