1,3 milyard manata yaxın vəsaiti vergidən gizlədənləri nə gözləyir?

21.02.2019 12:46     Ecoreaksiya     1097

Əkrəm Həsənov: “Vergidən yayınma 100 min manatdan çox olarsa, bu halda maksimum azadlıqdan məhrumetmə cəzası 7 ildir”

Son illər vergi sistemində aparılan islahatlar dövlət büdcəsinə yönələn yığımların həcminə də təsir göstərib. Real sektordan büdcəyə yığımlardan müəyyən artımlar var. Əgər əvvəllər vergidən yayıma hallarına daha çox rast gəlinirdisə, həyata keçirilən tədbirlərin nəticəsi olaraq bu sahədə vəziyyət nisbətən düzəlib, lakin hələ də büdcədən yayınan vergilər var.  Nazir Mikayıl Cabbarov  da sonuncu açıqlamasında bildirib ki, ötən il 1 milyard 282 milyon manat vəsaitin vergidən gizlədildiyi aşkar edilib: “2018-ci ildə aparılan vergi nəzarəti tədbirləri nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, market şəbəkələrində 122 milyon manat, özəl tibb müəssisələrində isə 230 milyon manat vəsaitin vergidən gizlədilməsi aşkar edilib”.

Bəs görəsən, vergidən yayınma hallarına qarşı hüquqi mübarizə necə aparılır və bu vəsaitlərin büdcədən yayınmasına görə cinayət məsuliyyəti  varmı?

“Yeni Müsavat”a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov vurğuladı ki, vergidən yayınma müəyyən məbləğdən yuxarı olduqda cinayət məsuliyyəti yaradır: “Ancaq ilk dəfə belə hallar baş verərsə, ödənilməyən vergi məbləği və onun faizi ödənilirsə, bu halda cinayət məsuliyyəti aradan qalxır. Ancaq istənilən halda vergidən yayınma varsa, cərimələr və faizlər gəlir. Vergi ödəməyən vətəndaş və ya sahibkar bilməlidir ki, cərimə ödəyəcək. Bəzən isə ağır cəzalar verilə bilər. Cinayət Məcəlləsinin 213-cü  maddəsi vergiləri, işsizlikdən sığorta və ya məcburi sığorta haqlarını ödəmədən yayınma ilə bağlıdır”.

Əkrəm Həsənov ile ilgili görsel sonucu

Ekspert hesab edir ki, məbləğ 20 min manata qədər olarsa, burada 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur: “Eyni əməllər külli miqdarda vergidən yayınma ilə baş verərsə, yəni məbləğ 20 min manatdan 100 min manata qədər olarsa, bu il 5 ilədək azadlıqdan məhrumetmə cəzası var. Xüsusilə külli miqdarda, yəni 100 min manatdan çox olarsa, bu halda maksimum azadlıqdan məhrumetmə cəzası 7 ildir”.

Ə.Həsənov onu da diqqətə çatdırdı ki, belə  böyük məbləğlərdə vergidən yayınma halları əvvəllər vergi əməkdaşlarının iştirakı ilə baş tuturdu: “Əks təqdirdə, bu qədər yayınma mümkün deyildi. Çünki bu qədər vergidən yayınma özbaşına gizlədilə bilməz. Vergi orqanlarının işçiləri də bu prosesdə iştirak edir. Bu mənada Vergilər Nazirliyi öz içində də müəyyən təmizləmə işləri aparır. Vergidən yayınma halları ilə bağlı iş adamlarının  iqtisadi cinayətlərində iştirak edən şəxslər işdən çıxarılır. Mən hesab edirəm ki, atılan son proseslərdən sonra nə hansısa vergi müfəttişi belə işlərə qol qoyacaq, nə də ki, iri vergi ödəyiciləri bu addımları atacaq”.

Qeyd edək ki, inkişaf etmiş bir çox ölkələrin büdcəsi əsasən vergi daxilolmaları hesabına formalaşır. Bu baxımdan vergidən yayınma hallarına qarşı ciddi mübarizə aparılır. Azərbaycanda isə vergidən yayınma ilə bağlı problemlər qalmaqdadır. Ekspertlər isə hesab edir ki, vergidən yayınma hallarının qarşısını almaq üçün müxtəlif mexanizmlər olmalıdır. Bunlardan biri də nağdsız ödəniş sisteminin genişləndirilməsidir. Belə olan halda bütün xərcləmələr və ödənişlərə dövlətin nəzarət etmək imkanı olar və  daha çox vəsait vergiyə cəlb oluna bilər. Problemlərdən biri də vergilərin həddindən artıq yüksək olmasıdır. Məhz bu sahibkarları qeyri-rəsmi sövdələşmələrə, rəsmi müqavilə olmadan ödənişlərin aparılmasına sövq edir. Bəzi hallarda vergi və gömrük rüsumları birlikdə ümumi dəyərin 40 faizdən çoxunu təşkil edir. Bu zaman sahibkar müxtəlif yollara əl atmalı olur. Həmçinin vergi məmuru ilə sahibkarın münasibətləri də bu prosesdə önəmli amildir.

Digər bir məsələ isə ümumilikdə ölkədə vergi mədəniyyətinin olmasıdır. Vətəndaşlar vergini itirilmiş vəsait kimi görməməlidir. Elektron hökumətin təşkili, şəffaf, hesabatlı, etibarlı idarəetmənin olması da cəmiyyətdə vergi mədəniyyətini formalaşdıran amil sayılır.

Qərb mədəniyyətində insanlar vergidən yayınmanı dövlətə xəyanət kimi qiymətləndirir və bu cür vətəndaşlar haqqında hökumətə məlumat verirlər. Hətta dünya təcrübəsində həmin şəxslərə mükafat verilməsi də nəzərdə tutulur. Azərbaycanda isə  vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı məlumatların verilməsi zamanı hər hansı mükafatlandırma mexanizmləri yoxdur. Yalnız vergi yayınması ilə bağlı mənbəyi bəlli məlumat daxil olarsa, vergi orqanları tərəfindən dərhal yerində yoxlamalar aparılır. Amma bunun üçün mükafatlandırılma mexanizmi yoxdur. Hətta beynəlxalq təcrübədə vergidə yayınmalarla bağlı dövlətlə əməkdaşlıq edən xüsusi şəxslər də var. Vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir ki, onlara informator da deyilir.

Vergi yığımlarının həm dövlət, həm də vətəndaşlar üçün nə qədər əhəmiyyətli olduğunu son proseslərdə də müşahidə etdik. Dövlət başçısı məhz gömrük və vergi sistemindəki son islahatlardan sonra yığımların artması və büdcəyə daha çox vəsaitin daxil olması səbəbindən əmək haqqı və pensiyaların, təqaüdlərin artımına gedildiyini açıqladı.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar