İstisadçı: Dollar kreditini tam ödəyən şəxs ölübsə..

06.03.2019 12:34     Ecoreaksiya     1243

Problemlərin kreditlərin həlli ilə bağlı qaydalar martın 15-nə qədər təsdiqlənəcək və daha aydın təsəvvür yaranacaq.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı “Problemli kreditlərin həlli” mövzusunda canlı yayımda çıxışı zamanı deyib.

“İkinci vacib məqam ondan ibarətdir ki, dövlət qurumları banklarla birlikdə aprelin 15-ə qədər kompensasiyaların məbləğini və fərmanın əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam dəqiqləşdirəcəklər. Bu məsələ banklarla müzakirə olunur və qısa zamanda öz həllini tapacaq”.

O, kompensasiyaların dəqiq məbləği ilə bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq, vətəndaşları tələsməməyə çağırıb:

“Vətəndaşlar banklara dəvət olunacaqlar və bu dəvət cəmi 1 dəfə olacaq. Nəzərə almaq lazımdır ki, fərmanın əhatə dairəsinə 850 min vətəndaş düşür. Bu baxımdan da indiki halda müraciətlərə cavab verilməsində bir qədər çətinliklər var. Vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, tələsməsinlər. Qaydalar təsdiqləndikdən sonra onlara kompensasiyalar ödəniləcək. Kompensasiyaların ödənilməsi ilə bağlı son müddət 3 aydır və mayın sonunda bitir”.

V.Qasımlı vətəndaşları heç bir halda indiki kredit borclarına görə ödənişləri dayandırmamağa çağırıb:

“Çünki Prezident fərmanla həm də yaxşı bir nümunə - məsuliyyətli borclanma və kredit vermək kimi bir nümunəni ortaya qoydu. Banklar üçün artıq bu məsələyə daha məsuliyyətlə yanaşmaq və vətəndaşın kredit hadisəsini öyrəndikdən sonra kredit vermək məsələsi gündəmdədir. Eyni zamanda vətəndaşların da öz borclarına məsuliyyətlə xidmət etmək nümunəsi yarandı. Ancaq bu o demək deyil ki, mövcud kredit borcları və kreditə xidmət dayandırılmalıdır. Əksinə, bu imkandan istifadə edərək proses davam etdirilməlidir”.

V.Qasımlı olduqca maraqlı bir məsələyə də aydınlıq gətirib. Belə ki, devalvasiya zamanı dollar krediti olan və devalvasiyadan sonra məbləği tam halda ödəyən, lakin indi həyatda olmayanlarla bağlı suala ekspert belə cavab verib:

“Həmin şəxslərin kompensasiyası hüquqi varislərinə geri qaytarılacaq”.

Şərhlər

Çox oxunanlar