Ekspert dollara tələbin artmasının əsas səbəblərini açıqladı

14.03.2019 12:37     Ecoreaksiya     1277

Bu ilin ilk iki ayında Dövlət Neft Fondu 951,1 milyon dollar məbləğində valyuta satıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə, 287,9 milyon dollar və ya 43,4% çoxdur. Belə ki, Neft Fondu 2018-ci ilin analoji dövründə 663,2 milyon dollar satıb. Göründüyü kimi, 2019-cu ilin ilk aylarında dollara tələbin yüksəlməsi müşahidə olunub. 

Bu fikirləri iqtisadçı ekspert Vüqar Bayramov feysbuk hesabında yazıb. 

İqtisadçı dollara tələbin artmasının əsas səbəblərini açıqlayıb:

“Öncədən proqnozlaşdırdığımız kimi, dövlət xərclərinin artması dollara tələbi yüksəldir. Bu ilin yanvar ayından dövlət büdcəsindən 1 milyard 269 milyon manat ayrılıb. Bu, ötən ilin yanvar ayı ilə müqayisədə, 30 faiz çoxdur.

Adətən, yanvar ayı fiskal ilin başlanğıcı olduğu üçün nisbətən az xərcləmələrə gedilirdi. Amma rəsmi rəqəmlər göstərir ki, aylıq xərcləmələrdə kəskin artım var. Bu isə dollara tələbin artmasına gətirib çıxaran əsas səbəblərdəndir”.

V.Bayramovun sözlərinə görə, məhz bunun nəticəsidir ki, dollara tələbin yüksəlməsinə baxmayaraq, bu dövrdə valyuta bazarında ciddi volatillik nümayiş olunmayıb.

“Çünki daha çox biznesin dollara olan tələbi ödənilib. Həmçinin, neft bazarındakı kəskin sıçrayışlar fonunda xüsusən yanvar ayında dollar yığımlarının artması müşahidə olunub.

Bütövlükdə, 2019-cu ildə dövlət büdcəsindən 24 milyard manatdan çox vəsaitin xərclənəcəyini nəzərə alsaq, bu il dollara tələbin yüksək olacağı gözlənilir. Bununla belə, yenə də məzənnənin necə dəyişəcəyi Mərkəzi Bankın mövqeyindən asılı olacaq”, - ekspert əlavə edib.

Reaksiya.az

Şərhlər