Səudiyyədəki partlayış Rusiya ilə ortaq razılaşmanın nəticəsi ola bilərmi? - ŞOK DETALLAR

18.09.2019 14:10     Ecoreaksiya     1369

“Dünya neft bazarında oyun gedir”.

İqtisadçı ekspert Pərviz Heydərov Redaktor.az-a açıqlamasında neftin qiymətinin Səudiyyə Ərəbistanının obyektlərinə dron hücumu ilə bağlı bahalaşmasının perspektivlərindən danışıb.

İqtisadçı hesab edir ki, buna çox da perspektivli baxış sərgiləmək olmaz:

“Dünya neft bazarında gedən oyunlarda çoxlu məqsədlər var. Ümumiyyətlə, bir cəhəti nəzərə almaq lazımdır ki, bu və ya digər xammal bazarında siyasi məqsədlər üçün istifadə etməyə “əl tutmağa” hansısa imkanlar varsa, orada qiymətlərlə bağlı çox hadisə və səbəblər baş verə bilər. Məsələ bundadır ki, müasir dövrdə dünya neft bazarı məhz bu cür bazardır. ABŞ və dünya iqtisadiyyatının aparıcı ölkələrinin heç biri neftin qiymətinin çox baha olmasında, ümumiyyətlə 50 ABŞ dollarından çox olmasında maraqlı deyil”.

P. Heydərov qeyd edib ki, dövlət gəlirləri neft və qaz satışından asılı ölkələr isə, neftin 1 barel qiymətinin 60 dollardan yuxarı olmasını istəyirlər:

“Hansı ki, bu ölkələr sayca çoxluq təşkil edirlər. O cümlədən, Səudiyyə Ərəbistanının özü də.... Və bu nöqteyi-nəzərdən son vaxtlar Ər-Riyad ilə Vaşinqton arasında mövqe və fikir ayrılığı olduğu heç də çox çətin sezilmir. Odur ki, son hadisə Səudiyyə Ərəbistanının Vaşinqton üçün bir “bəhanəsi” də ola bilər. Eyni zamanda, bunun Vaşinqtonun Ər-Riyad ilə birgə planı olma ehtimalı da kifayət qədər inandırıcı görünür. Həmçinin, bütün bunların əksinə olaraq, Səudiyyə ilə hansısa iri neft ixracatçısı, məsələn, Rusiyanın ortaq razılaşmasının nəticəsi kimi də yozula bilər”.

İqtisadçı vurğulayıb ki, istənilən halda, ABŞ neftin kəskin bahalaşmasına yol verməyəcək:

“Belə ki, burada ABŞ-ın özünün barmağı varsa, regionda tezliklə yeni hərbi münaqişə ortaya çıxacaq. Əks halda qiymətlər qısa müddətə sabitləşəcək. Ancaq bir həqiqət var ki, neft bir də yaxın müddət ərzində heç bir halda 60 ABŞ dollarından çox da aşağı həddə düşməyəcək”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar